Ötən il İsmayıllıya 82 min nəfərə yaxın turist gəlmişdir
İsmayıllı, 24 yanvar (AZƏRTAC). Gözəl flora və faunası, qədim tarix və mədəniyyət abidələri ilə zəngin olan İsmayıllı rayonu bu gün insanları özünə daha çox cəlb edir.
Təsadüfi deyildir ki, bölgəyə gələn turistlərin də sayı ildən-ilə artır. Bu artım artıq intensivləşmişdir. 2009-cu ildə onların sayı 15000 nəfər, 2012-ci ildə 74961 nəfər, ötən il isə 81845 nəfər olmuşdur. İsmayıllı ərazisində istirahət edənlərin 25-30 faizi xarici turistlərdir.
Turizmin inkişafına göstərilən dövlət qayğısı turizm potensialının yüksək olduğu İsmayıllıda bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə güclü təkan verir. Bu gün rayonda 1043 yerlik 23 mehmanxana və istirahət mərkəzi fəaliyyət göstərir ki, bunlardan da 10-u Mədəniyyət və Turizm Nazirliyinin lisenziyasını almışdır. Hazırda rayonun Talıstan kəndi yaxınlığında müasir standartlara cavab verəcək 202 yerlik “Şeroten otel” istirahət kompleksi tikilir.
Bu gün turistləri bölgənin tarix və mədəniyyət abidələri, xalqımızın qədim həyat və məişətinə dair maddi-mədəniyyət nümunələri çox maraqladır. Təsadüfi deyildir ki, onlar Lahıc və Basqal tarix və mədəniyyət qoruqlarına, rayonun qədim yaşayış məskənlərindən olan Mollaisaqlı, Sulut, Xankənd, Qalacıq, Qalagah və bir sıra digər ərazilərində yerləşən 233 tarix və mədəniyyət abidələrinə gəzintilərə çox maraq göstərirlər. Bu abidələrdən biri - Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu dünya əhəmiyyətli, 32-si ölkə, 127-si isə yerli əhəmiyyətlidir.
Azərbaycanın qədim yaşayış məskənlərindən olan İsmayıllıda son illərdə 73 yeni tarix və mədəniyyət abidəsi aşkar edilmişdir. Hazırda onların tədqiqi və turistlərə təqdimatı istiqamətində müvafiq işlər görülür.