Pakistanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil edilib
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Pakistandakı səfirliyi İslamabad Şəhər İcra Hakimiyyəti ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə paytaxt parkında ağacəkmə aksiyası keçirib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Pakistanın dövlətlər və sərhəd regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud, İslamabad şəhər icra hakimiyyətinin başçısı Nur Ul Amin Menqal, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri və Azərbaycanın Pakistandakı səfirliyinin kollektivi iştirak ediblər.
Səfir Xəzər Fərhadov müasir müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyevin zəngin həyat yolu, böyük siyasi iradəsi və ölkəmizin müstəqilliyi və inkişafı naminə gördüyü böyük işlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Aksiyada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 100 ağac əkilib.