Pakistanın Preston Universitetində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyinin təşəbbüsü ilə 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar bu ölkənin Preston Universitetində anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Preston Universitetinin, Müasir Dillər Universitetinin, Diplomatik Akademiyanın rəhbər və müəllim heyəti, Pakistanda akkreditə olunmuş diplomatlar, ölkənin tanınmış ictimai-siyasi xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Xalqımızın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra müvəqqəti işlər vəkili Daşqın Şikarov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışmışdır.
D.Şikarov bildirmişdir ki, həmin gecə sovet qoşunları əliyalın insanlara, o cümlədən uşaqlara, qocalara və qadınlara qarşı qəddarlıq göstərmiş, günahsız qanlar tökmüşdür. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut etdi.
20 Yanvar faciəsi başda M.Qorbaçov olmaqla ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha açıb göstərdi. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu, ürəyi hər zaman Azərbaycanla döyünən ümummilli lider Heydər Əliyev təzyiq və təqiblərə baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək ermənipərəst sovet rəhbərliyinin əsl niyyətini bütün dünyaya bəyan etmiş, günahkarların dərhal cəzalandırılmasını tələb etmişdir.
Tədbirdə Preston Universitetinin rektoru Abdul Basit, Milli Müasir Dillər Universitetinin professoru Zülfüqar Qureyşi, tanınmış jurnalistlərdən Tahir Faruq və Amir Bhatti də çıxışlarında SSRİ rəhbərliyinin 20 Yanvar qırğınını törətməklə Azərbaycan xalqının azadlıq arzusunu boğmağa çalışdığını, amma buna nail ola bilmədiyini vurğulamış, faciədən az sonra müstəqilliyini əldə edən Azərbaycanın sürətlə inkişaf etdiyini, bunu ölkəyə səfər edən hər kəsin aşkar şəkildə gördüyünü diqqətə çatdırmışlar.
20 Yanvar faciəsi ilə bağlı Pakistanın nüfuzlu ingilisdilli qəzeti sayılan “The News”-in 20 yanvar tarixli nömrəsində Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili D.Şikarovun məqaləsi dərc olunmuşdur. Məqalədə xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsinin mahiyyəti ətraflı izah olunmuş, hadisənin Azərbaycan tarixində dönüş nöqtəsi olduğu və müstəqillik tələblərini sürətləndirdiyi oxucuların diqqətinə çatdırılmışdır.
Pakistanda nəşr olunan “Daily İttehad” qəzetinin 20 yanvar tarixli nömrəsində bütöv bir səhifə 20 Yanvar faciəsinə həsr edilmişdir.
Ölkənin geniş oxucu kütləsinə malik ingilisdilli “The Frontier Post”, “Daily Mail” və urdudilli “Daily İslamabad Times”, “Daily Tasir”, “Daily Newsmart”, “Daily States Times”, “Daily Kainaat”, “Daily Jinnah”, “Daily K2”, “Daily Dunya”, “Daily Universal Recorder” qəzetlərində də faciə ilə bağlı geniş məqalələr çap edilmişdir.