PARİSDƏ XOCALI FACİƏSİ İLƏ BAĞLI ETİRAZ AKSİYASI KEÇİRİLMİŞDİR
Paris, 26 fevral (AZERTAC). Azərbaycan- Fransız Gənclik Assosasiyası fevralın 26-da Parisin Pol Klodel meydanında Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirmişdir. Aksiyada Fransanın müxtəlif şəhərlərində yaşayan və təhsil alan 100-ə yaxın azərbaycanlı iştirak etmişdir.
Aksiya iştirakçıları əllərində “Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir”, “Xocalıya ədalət”, “Qarabağa ədalət”, “Erməni, işğal olunmuş əraziləri tərk et!”, “Torpaqlarımıza qayıtmaq istəyirik!” şüarları, Azərbaycan bayraqları tutmuşdular. “ Xocalıya ədalət” və “Erməni təcavüzünə son qoyulsun!” sözlərinin yazıldığı, məşum gecədə erməni hərbi birləşmələri tərəfindən qətlə yetirilmiş azərbaycalıların sayının əks olunduğu ağ maykalar geymiş aksiya işrirakçıları Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini pisləyən şüarlar səsləndirmişlər. Xocalı faciəsi ilə bağlı faktların sadalandığı və beynəlxalq təşkilatlar tərəfindən bu soyqırımına hüquqi qiymət verilməsini, Avropa ictimaiyyətinin bu faciəni tanımasını tələb edən bəyannamə oxunmuşdur.
Aksiya Ermənistanın Fransadakı səfirliyinin qarşısında davam etdirilmişdir. Soydaşlarımız Ermənistanın işğalçılıq siyasətini pisləmiş, erməni ordusunun tezliklə zəbt etdiyi ərazilərimizdən çıxmasını qətiyyətlə tələb etmişlər.
Aksiya təşkilatçıları hazırladıqları bəyannaməni səfirliyə təqdim etməyə cəhd göstərmişlər. Amma səfirliyin əmkdaşları onları qəbul etməmişlər. Bəyannamə səfirliyin poçt qutusuna salınmışdır.
Tələbələrimiz aksiya zamanı Xocalı faciəsindən bəhs edən broşürləri fransız ictimaiyyəti arasında yaymışlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
######
