Peşə təhsili məzunlarına beynəlxalq sertifikatlar təqdim olunub
Bakı, 24 iyul, AZƏRTAC
Aşpaz ixtisası üzrə beynəlxalq sertifikat proqramını uğurla başa vuraraq “City & Guilds Level 2” beynəlxalq dərəcəli sertifikat əldə edən peşə təhsili məzunları ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən agentliyin direktoru İlqar Bayramlı peşə təhsilində beynəlxalq standartların tətbiqinin gənclərin qlobal əmək bazarında rəqabətqabiliyyətliliyinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Qeyd olunub ki, əldə edilən nəticələr yalnız aşpazlıq sahəsini əhatə etmir. Ölkənin aparıcı tərəfdaş qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən və ümumilikdə 7 ixtisası əhatə edən beynəlxalq sertifikat proqramları peşə təhsilinin inkişafına mühüm töhfə verir.
Qeyd olunub ki, sənaye, informasiya-kommunikasiya texnologiyaları, dizayn, mühasibatlıq və kulinariya sahələrini əhatə edən bu təşəbbüslər məzunların peşə bacarıqlarının beynəlxalq standartlara uyğun formalaşmasına, həm yerli, həm də qlobal əmək bazarında daha geniş imkanlar əldə etmələrinə şərait yaradır. Bu proqramlar vasitəsilə məzunlar xarici şirkətlərdə, beynəlxalq layihələrdə və distant iş platformalarında uğurla fəaliyyət göstərmək, eləcə də daha yüksək başlanğıc əməkhaqqı ilə əmək fəaliyyətinə başlamaq imkanı qazanırlar.
Tədbirin sonunda proqramı uğurla tamamlayan məzunlara “City & Guilds Level 2” beynəlxalq dərəcəli sertifikatlar təqdim edilib.