Peşə təmayüllü siniflərin tədris proqramları necə yenilənməlidir? – dəyirmi masa
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) Peşə və ömürboyu təhsili şöbəsi tərəfindən peşə təmayüllü siniflər üçün hazırlanmış tədris proqramlarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi məqsədilə dəyirmi masa müzakirələri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müzakirələr kompüter operatoru, dronların təmiri üzrə usta köməkçisi, dərzi köməkçisi və qənnadçı ixtisas modulları üzrə təşkil olunub.
Qeyd edilib ki, dronların təmiri üzrə usta köməkçisi ixtisası peşə təmayüllü siniflər üçün ilk dəfə hazırlanmış proqramlardan biridir. Müasir texnologiyaların sürətli inkişafı fonunda bu ixtisas əmək bazarında perspektivli peşələrdən hesab olunur və şagirdlərin innovativ sahələr üzrə bilik və bacarıqlar əldə etməsinə imkan yaradır.
Müzakirələr zamanı tədris proqramlarının məzmun və strukturunun təhlili, onların əmək bazarının mövcud və gələcək tələblərinə uyğunluğu, nəzəri biliklərlə praktik bacarıqlar arasında balansın təmin olunması, eləcə də müasir iş mühitində tələb olunan səriştələrin proqramlara inteqrasiyası məsələləri nəzərdən keçirilib.
Bildirilib ki, tədris proqramları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Peşə və Kvalifikasiya Standartlarının Reyestri əsasında hazırlanır. Proqramların hazırlanması prosesi ARTİ-nin müvafiq işçi qrupu tərəfindən reyestrdə təsdiq edilmiş standartlara uyğun şəkildə həyata keçirilir.
Müzakirələrin əsas məqsədi yenilənmiş proqramların keyfiyyətinin qiymətləndirilməsi və zəruri təkmilləşdirmələrin müəyyənləşdirilməsi olub. Bu çərçivədə təlim nəticələrinə uyğun nəzəri bilik və praktik bacarıqları əhatə edən mövzuların aktuallığı, dərs saatlarının optimal bölgüsü, proqramların həyata keçirilməsi üçün tələb olunan maddi-texniki bazanın uyğunluğu, həmçinin əməyin mühafizəsi və təhlükəsizlik məsələlərinin proqramlarda əks olunması diqqət mərkəzində olub.
Qeyd olunub ki, yenilənmiş tədris proqramları əmək bazarının dəyişən tələbləri və müasir istehsal mühitinin ehtiyacları nəzərə alınmaqla hazırlanır. Proqramlarda nəzərdə tutulan bilik, bacarıq və səriştələr real sektorun gözləntilərinə uyğunlaşdırılıb, praktikyönümlülüyün gücləndirilməsinə xüsusi diqqət yetirilib.