Praqada “Xocalıya ədalət - Xocalıya işıq” devizi ilə aksiya keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycanın Çexiyadakı səfirliyi və Azər-Çex Cəmiyyətinin birgə təşkilatçılığı ilə Praqanın mərkəzi Namesti Miru meydanında Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı “Xocalıya ədalət - Xocalıya işıq” devizi altında aksiya keçirilmişdir.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Müqəddəs Ludmila tarixi məbədinin qarşısında yerləşən ərazidə Xocalı çadırı qurulmuş və faciə haqqında çex dilində sənədli film nümayiş olunmuşdur. Bundan əlavə, açıq səma altında Xocalı fotosərgisi də təşkil edilmiş, faciəyə dair 500-dən çox buklet və bröşürlər paylanılmışdır. Xocalı çadırı ilə yüzlərlə çex və xarici turist maraqlanmış, Ermənistanın təcavüzkar dövlət olduğu barədə bəyannaməyə imza atmışlar. Onlara ermənilərin Xocalıda törətdikləri dəhşətli cinayətlər barədə ətraflı məlumat verilmişdir.
Axşam saatlarında isə meydanın mərkəzində 613 şam vasitəsilə yazılmış Xocalı sözü iştirakçılar tərəfindən simvolik olaraq yandırılmışdır.
Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, cəmiyyətin sədri Elşən Nəzərov, professor Vaqif Arzumanlı iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və “Xocalıya ədalət” kampaniyası barədə məlumat vermişlər. Xocalı soyqırımını 69 il əvvəl Çexiyanın Liditse şəhərində alman faşıstləri tərəfindən törədilmiş hadisələrlə müqayisə olunmuşdur.
Tədbirdə Milli Məclisin deputatı Gülər Əhmədova, Milli QHT Forumunun sədri Rauf Zeyni, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, Azərbaycan Ticarət Palatasının nümayəndəsi Ələsgər Həsənov, Azərbaycan və Çexiyanın siyasi-ictimai xadimləri və s. iştirak etmişlər.
Aksiya çərçivəsində istifadə olunmuş materiallar Heydər Əliyev Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi, Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatı, Gəncə şəhər İcra hakimiyyəti və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə hazırlanmışdır.
######
![]() |
![]() |
![]() |
![]() |



