SİYASƏT
Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünyada söz sahibinə çevrilib
![Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünyada söz sahibinə çevrilib](/files/2023/1/1200x630/16824454325409742884_1200x630.jpg)
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycanın tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsi göstərdi ki, Azərbaycan-Türkiyə qardaşlığı, strateji güc inşa etmə proqramı təkcə Qələbə gətirmədi, eyni zamanda, bütün Türk dünyası üçün bir ilham qaynağı oldu. Bu qardaşlıq Türk dünyasında yeni sıçrayış, dirçəliş, daha sıx inteqrasiya və birgə qətiyyətli addımların atılması üçün tramplin rolunu da oynayır. Təbii ki, Zəfərin qazanılmasında Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin və xalqının qətiyyəti, o cümlədən Prezident İlham Əliyevin yüksək siyasi və diplomatik zəkası, sərkərdəlik qabiliyyəti öz sözünü dedi. Ancaq Azərbaycanın bu haqlı Zəfərinə mane olmaq, müdaxilə etmək istəyən xarici güclər qarşısında Rəcəb Tayyib Ərdoğandan gələn qətiyyətli mesaj, “Qarabağ məsələsi Türkiyənin də milli məsələsidir” mövqeyi, dövlət və milləti ilə Türkiyənin verdiyi mənəvi-siyasi dəstək, heç şübhəsiz, böyük Qələbənin qazanılmasında müstəsna rol oynadı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix üzrə elmlər doktoru Telman Nüsrətoğlu söyləyib.
O bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı əvvəlcə iqtisadi sahədə öz sözünü deyib. Təkcə regionun deyil, eyni zamanda, Avropanın da enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan neft və qaz layihələrinin reallaşması bunun bariz nümunəsidir. İki qardaş ölkə yüksələn xətlə, tədricilik metodologiyası ilə siyasi-diplomatik və hərbi sahədə də birliyini gücləndirib. Dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Azərbaycan və Türkiyə xalqlarının eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər bağlara malik olması bu iki ölkəni həmişə doğma edib, sevincli, kədərli günlərdə də bir-birinin yanında olmasına şərait yaradıb.
O bildirib ki, tarixin gedişatına liderlərin, parlaq şəxsiyyətlərin cəsarətli mövqelərinin də istiqamət verdiyi şübhəsiz bir həqiqətdir. Qarabağ Zəfərinin yaratdığı yeni reallıq fonunda həm də Türk Dövlətləri Təşkilatı (TDT) özünü yenidən “dizayn edərək” güc mərkəzi kimi dünya düzənində öz sözünü deməyə başlayıb. Əsasını Azərbaycan-Türkiyə qardaşlığına söykənən əməkdaşlığın təşkil etdiyi “Türk dünyasına baxış 2040” proqramını hazırlayan TDT dünya güclərinə “mən də varam” deyərək, daha sürətli inkişaf yoluna qədəm qoyub. Türkiyə-Azərbaycan qardaşlığından güc alan Qarabağ Zəfəri təkcə TDT çərçivəsində ümumi inteqrasiyaya deyil, həmçinin türk dövlətləri arasında ikitərəfli əməkdaşlıqların dərinləşməsinə yol açıb. Bu birlik və inkişafın təmin edilməsində də Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğanın əməyi danılmazdır.
“Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünyada söz sahibinə çevrilib. Belə ki, son 20 ildə Türkiyənin hərbi sənayesi daha güclü inkişaf edib. Bu gün Türkiyə uzun müddətdir inkişaf etdirdiyi yerli və milli texnologiyaları ilə müdafiə sənayesi sahəsində bütün dünyada səs salıb”, - deyə Telman Nüsrətoğlu vurğulayıb.