“Qalatasaray” – “Trabzonspor” matçında futbolçu hakimə qırmızı kart göstərib
Bakı, 22 fevral, AZƏRTAC
Türkiyə Super Liqasının 22-ci turunda oynanılan “Qalatasaray”-“Trabzonspor” qarşılaşması maraqlı hadisə ilə yadda qalıb. Matçda hakim tərəfindən dörd qırmızı vərəqə göstərilib və on bir metrlik iki cərimə zərbəsi təyin olunub.
Futbol aləminə damğa vuran məqam isə qarşılaşmanın 86-cı dəqiqəsində yaşanıb. Trabzonluların heyətində müdafiəçi Luis Kavanda “Qalatasaray”ın futbolçusunu cərimə meydançasında yıxdığına görə ikinci dəfə sarı vərəqə ilə cəzalandırılıb. Bundan sonra görüşdə gərginlik daha da artıb və “Trabzonspor”un futbolçuları baş hakim Dəniz Atəş ilə mübahisə ediblər. Bu zaman qonaq komandanın futbolçusu Salih Dursun referinin əlindən düşən qırmızı vərəqəni yerdən götürüb hakimə göstərib və ona meydandan çıxmağı işarə edib. Pərt olan hakim bu hərəkətə görə, Salih Dursunu da meydandan qovub. Nəticədə qonaqlar qarşılaşmanı yeddi nəfərlə davam etdirməli olublar.
İstanbul təmsilçisinin 2:1 hesablı qalibiyyəti ilə başa çatan matçda yaşanan bu hadisə dünya mediasında da geniş maraq doğurub.