SİYASƏT
Qarabağ müharibəsi həqiqətləri Çin mətbuatında
Pekin, 25 oktyabr, AZƏRTAC
Çinin kütləvi informasiya vasitələri Ermənistanın təxribatları və Azərbaycan Ordusunun əks həmlə əməliyyatı barədə materialların təqdimatını davam etdirir.
AZƏRTAC xəbər verir ki, Çin Mərkəzi Televiziyasının (CCTV) mövzuya dair reportajında Azərbaycanın Müdafiə Nazirliyinin düşmən hədəflərinin məhv edilməsinə dair görüntüləri yayımlanıb.
CCTV-nin ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsindəki məqalədə yenə Azərbaycanın Müdafiə Nazirliyinə istinadla Qubadlı və Laçın rayonunun Ermənistan ərazisindən atəşə tutulduğu qeyd olunub. Bildirilib ki, Ermənistanın oktyabrın 17-də Gəncə şəhərinə raket hücumu nəticəsində yaralanmış Rusiya vətəndaşı olan 13 yaşlı oğlan vəfat edib. Ümumilikdə, sentyabrın 27-dən bəri Azərbaycan tərəfdən 65 mülki vətəndaş ölüb, 300-ə yaxın sakin isə yaralanıb.
Məqalədə Azərbaycan Ordusunun bəzi əraziləri geri alması, habelə İran ilə dövlət sərhədinin tam nəzarət götürülməsi, ABŞ rəsmilərinin Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə münaqişənin həllinə dair danışıqlar keçirməsi barədə məlumat verilib. Bundan başqa, Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin diplomatik yolla həllinin qeyri-mümkünlüyü barədə fikirləri də əksini tapıb.
Sinxua agentliyinin, "Jenmin Jibao" və "China Daily" qəzetlərinin xəbərlərində də Vaşinqtondakı görüşlərdən söz açılıb.
Çinin digər xəbər portallarındakı mövzuya dair xəbərlərdə Azərbaycan Ordusunun düşmənin canlı qüvvəsini, döyüş texnikasını, o cümlədən S-300 tipli zenit-raket komplekslərini məhv etdiyi qeyd olunub. Azərbaycan Ordusunun döyüş əməliyyatlarında pilotsuz uçuş aparatlarını tətbiq etməsi Çin KİV-lərinin də diqqətini cəlb edib. Mövzuya dair xəbərlərdə qeyd olunur ki, Azərbaycan Ordusu PUA-lar və artilleriya vasitəsilə düşmənə ağır zərbələr endirib və müharibənin ritmini ələ alıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin