Qax şəhərində 48 mənzilli yaşayış binası tikilir
Qax, 12 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qax şəhərində istismar müddəti başa çatmış 3 ədəd ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb.
Bina Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa edilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
Şəhərin Hürü Tağıyeva küçəsində inşa edilən 4 blokdan ibarət dördmərtəbəli binanın tikintisində hazırda zirzəmi hissəsinin betonlanması işləri görülür. Yaşayış binasının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.