Qazaxıstanın Akmola vilayətinin Akmola kəndindəki ALJİR muzeyində azərbaycanlı qadınların xatirəsi əbədiləşdirilmişdir
Astana, 31 may (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyi paytaxtdakı Azərbaycan diasporunun köməyi ilə Akmola vilayətinin Akmola kəndindəki ALJİR (Akmolinskiy laqer jen izmennikov rodinı) muzeyində vaxtilə burada məhkum həyatı sürmüş azərbaycanlı qadınlara həsr olunmuş xatirə daşının açılışı olmuşdur.
Tədbirdə Astana Şəhər Maslixatının katibi Vladimir Redkokaşin, “Nur-Otan” Xalq Demokratik Partiyası Astana şəhər filialı sədrinin müavini Əmirxan Raximjanov, Rusiya, Çexiya, Türkiyə, Polşa, Ukrayna, Belarusun Qazaxıstandakı diplomatik nümayəndəliklərinin rəhbərləri və əməkdaşları, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının və Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov və Astana şəhər hakiminin müavini Aida Babayeva xatirə daşının açılışı ilə bağlı rəmzi lenti kəsmiş, Azərbaycanın Qazaxıstandakı səfirliyi və digər ölkələrin səfirlikləri adından xatirə daşının önünə əklillər və çiçək dəstələri qoyulmuşdur.
Zakir Həşimov bildirmişdir ki, repressiya qurbanı olmuş 100 mindən artıq azərbaycanlı öz doğma yurdundan Qazaxıstana sürgün olunmuş, qazax xalqının xeyirxahlığı onların bir çoxunu aclıqdan və məhrumiyyətlərdən xilas etmişdir. Qazaxıstanda müxtəlif xalqların nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayır ki, bu da dövlət başçısı Nursultan Nazarbayevin danılmaz xidmətlərinin nəticəsidir. Z.Həşimov repressiya qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məsələsinin Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirmiş, bu istiqamətdə görülmüş işlər haqqında məlumat vermişdir. Diplomat repressiya qurbanlarının xatirəsinin yad olunması üçün yaradılmış şəraitə görə Qazaxıstan rəhbərliyinə təşəkkür etmişdir.
Səfir buraya sürgün olunmuş 46 məhbus qadının 43-nün arxiv-cinayət işlərini, həmçinin 35 fotoşəklin surətini muzeyin rəhbərlərinə təqdim etmişdir.
Aida Babayeva digər xalqlarla yanaşı, qazax xalqının da çoxsaylı nümayəndələrinin repressiya edildiyini bildirmiş, 31 mayın ölkə rəhbərliyi tərəfindən “Repressiya qurbanlarının xatirə günü” kimi elan olunduğunu qeyd etmişdir. O, repressiya qurbanı olmuş azərbaycanlı qadınlara həsr edilmiş xatirə daşının ucaldılmasını təqdirəlayiq hal olduğunu bildirmişdir.
Səfirlik bu məhbəsdə cəza çəkmiş Münəvvər Şükürbəyli və Səlihət Məmmədovanın nəvələrini - Rəfael Məmmədovu və Məhərrəm Məmmədovu da tədbirə dəvət etmişdi. Onlar öz çıxışlarında nənələrinə, ümumiyyətlə, burada saxlanılan azərbaycanlı qadınlara hörmət əlaməti olaraq xatirə daşının qoyulmasına görə minnətdarlıqlarını bildirmişlər.
Sonra səfirliyimiz ehsan süfrəsi açmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
######
