MƏDƏNİYYƏT
Qəbələdə qış turizmi inkişaf etdirilir
Qəbələ, 19 dekabr (AZƏRTAC). Qəbələ rayonu coğrafi quruluşuna, paytaxta yaxın olmasına və burada yaradılan müasir turizm infrastrukturuna görə nəinki isti yay fəslində, hətta qış aylarında da turistləri cəlb edir.
Rayon Mədəniyyət və Turizm Şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə ölkəmizdə bir həftə davam edəcək bayram günlərində Qəbələyə 3 mindən çox yerli və xarici turistin gələcəyi gözlənilir. Bu məqsədlə otel və istirahət mərkəzlərində qonaqların yüksək səviyyədə hazırlıq işləri görür. Kanatla gəzmək, alpinistlik etmək, motorlu xizəklərlə, at və faytonlarla qarlı meşələrə gəzintiyə çıxmaq, göllərdə qayıqla gəzmək və balıq tutmaq, meşələrdə heyvan və quş ovlamaq barədə düşünənlərin arzusu da Qəbələdə gerçəkləşəcəkdir. Bayram günlərində qonaqların istirahətinin mənalı təşkili üçün “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray” və “Qafqaz Sport” otellərində, “Qəbələnd” istirahət və əyləncə mərkəzində tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçiriləcək. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə də yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə, hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 18-i beş, dörd və üç ulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 1800 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.
Xatırladaq ki, 2012-ci ildə Qəbələ rayonuna gələn xarici və yerli turistlərin sayı 45 min 500 nəfər olmuşdur. Onlardan 31 min 350-si yerli, 14 min 150 nəfəri isə xarici vətəndaşlardır.