Qeyri-peşəkar restavrasiya tarixi əsərə hansı zərərləri vura bilər?
Bakı, 25 sentyabr, AZƏRTAC
Qeyri-peşəkar müdaxilə tarixi əsərin ayrı-ayrı hissələrinə ciddi zərər vura bilər. Bəzi hallarda sonradan bu zədələri aradan qaldırmaq mümkün olsa da, əvvəlki müdaxilənin izlərinin təmizlənməsi əsərin orijinal qatına əlavə zərər yetirər. Elə müdaxilələr də olur ki, onların nəticələrini tamamilə aradan qaldırmaq mümkün deyil.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar rəssam, ali dərəcəli bərpaçı Natiq Səfərov deyib.
O, peşəkar təcrübəsində rastlaşdığı hallardan birini nümunə gətirib:
“Məşhur rus rəssamlarından birinin əsərinin üzərindəki çirk qatı qeyri-peşəkar şəxs tərəfindən naməlum kimyəvi maddə ilə təmizlənmişdi. İlk baxışda əsərdəki zədə nəzərə çarpmırdı. Lakin əsər bərpaya qəbul edildikdən və xüsusi şüalar altında tədqiq olunduqdan sonra lak qatının zədələndiyi müəyyənləşdi. Həmin lak qatını ehtiyatla təmizlədikdən sonra əsərin orijinal rəngləri yenidən üzə çıxdı və əvvəlki görünüşü bərpa olundu. Belə hallar praktikada baş verir. Buna görə də hər bir sənət əsərinə fərdi yanaşılmalı və bərpa işi yalnız peşəkar restavrator tərəfindən aparılmalıdır”, – deyə Natiq Səfərov bildirib.
Eksponatın hansı hallarda tam bərpasının mümkün olmadığı və belə əsərlərin qorunması üsullarından danışan bərpaçı qeyd edib ki, restavrasiya təcrübəsində əsərin tam bərpası ilə yanaşı, konservasiyası anlayışı da mövcuddur. Əgər əsərin 60–70 faizi dağılıb, tökülüb və ya tamamilə itibsə, onun bütövlükdə bərpası mümkün olmaya bilər. Belə hallarda günümüzədək gəlib çatan hissələr konservasiya edilərək qorunub saxlanılır.
“Məsələn, portretin yanında əvvəllər gül, təbiət mənzərəsi və ya başqa bir təsvir olubsa, lakin həmin hissə tamamilə itib və onun necə göründüyünü göstərən heç bir analoq yoxdursa, restavrator onu öz təxəyyülünə əsasən yenidən yarada bilməz. Çünki bu, artıq müəllifin əsərinə müdaxilə etmək deməkdir. Buna görə də mövcud fraqmentlər möhkəmləndirilir, konservasiya olunur və gələcək nəsillər üçün həmin vəziyyətdə qorunub saxlanılır”, – deyə o vurğulayıb.
Natiq Səfərovun sözlərinə görə, tarixi əsərin bərpa müddəti onun vəziyyətindən asılı olaraq ciddi şəkildə dəyişə bilər. Bəzi əsərlərin bərpası 10 günə başa çatdığı halda, digərləri üzərində bir ay, altı ay, üç il, hətta beş il işləmək lazım gəlir. Bu müddət əsərin ölçüsündən, materialından, hazırlanma texnikasından, zədələnmə dərəcəsindən və əvvəlki müdaxilələrin xarakterindən asılıdır.
“Rembrandtın “Danaya” əsərinin bərpası 12 il davam edib. Əsərin üzərinə sulfat turşusu töküldüyü və kətan bıçaqla zədələndiyi üçün olduqca mürəkkəb və uzunmüddətli bərpa işlərinin aparılması tələb olunub. Əsər 1985–1997-ci illərdə bərpa edilib. Bizim təcrübəmizdə də bərpa prosesində gözlənilməz hallarla rastlaşırıq. Əvvəlcədən hazırladığımız iş planına uyğun fəaliyyət göstərsək də, proses zamanı əsərdə əlavə zədələnmə və ya başqa bir problemin olduğu üzə çıxa bilər”, – deyə bərpaçı əlavə edib.
O bildirib ki, bəzi hallarda həyata keçirilən müdaxilənin nəticəsini qiymətləndirmək üçün bir-iki ay gözləmək lazım gəlir. Bu müddətdə materialın, rəng və digər qatların aparılan müdaxiləyə necə reaksiya verdiyi diqqətlə müşahidə olunur. Bu səbəbdən bərpa prosesi əvvəlcədən nəzərdə tutulan müddətdən daha uzun çəkə bilər. Bununla yanaşı, zədələnmə dərəcəsi az olan əsərlərin bərpasını bir həftə və ya 10 gün ərzində başa çatdırmaq da mümkündür.
Müxbir – Günel Alıyeva