QHT sədri: Azərbaycanda keçiriləcək COP29 yeni hədəflərə çatmağa kömək edəcək
Bakı, 24 avqust, AZƏRTAC
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 26-cı sessiyası- COP26 qlobal temperaturun 2ºC altında saxlanmasını əsas hədəf kimi qarşıya qoyub və bunun növbəti COP-lar üçün davamlı hədəf kimi saxlanması nəzərdə tutulur. COP26 tədbiri çərçivəsində ekspert qrupları qiymətləndirmə apararaq qlobal istiləşmənin 2100-cü ilə qədər 2.6-2.7ºC artacağını proqnozlaşdırıblar. Proqnozlara əsasən, temperaturun 2100-cü ilə qədər 2ºC-dən 3ºC-yə qədər yüksəlmə ehtimalı qlobal istiləşmə ilə bağlı həyəcan təbili çalmağa əsas verir. Bunun üçün də ölkələr milli öhdəlik üzrə tullantıların və qaz emissiyalarının müəyyən olunmuş norma şərtlərinə əməl etsələr, 2030-cu il hədəfləri üzrə qlobal istiləşməni normada saxlamaq mümkündür.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.
O bildirib ki, dünyada hazırda gedən müzakirələr qlobal istiləşmənin 2100-cü ilə qədər 2ºC altında saxlanması üçün enerji sektorunda təxirəsalınmaz islahat və transformasiyaların aparılmasını tələb edir. Lakin enerji sektorunun dekorbanizasiyası daha sürətli aparılmalıdır. Buna yardımçı olan amillərdən biri bərpaolunan enerji xərclərinin daha ucuz başa gəlməsidir ki, bu da öz növbəsində alternativ enerji infrastrukturunu inkişaf etdirmək istəyən ölkələrə əlavə stimul verə bilər. Artıq bir sıra bərpaolunan enerji texnologiyaları qlobal səviyyədə və bəzi ada ölkələrinin yerli iqtisadiyyatlarının şərtlərinə və qlobal market bazarına uyğun formalaşır ki, bundan da ada dövlətləri bəhrələnə bilərlər.
“Azərbaycanın COP29 çərçivəsində önə çəkdiyi ada ölkələri üçün bərpaolunan enerji infrastrukturunun inkişafı yeni imkanlar açır. Bu imkanlar kiçik ada dövlətlərinin iqlim dəyişmələri ilə bağlı dayanıqlı inkişafına nail olmağa və müəyyən olunmuş hədəflərə çatmağına, eyni zamanda, enerji təhlükəsizliyini təmin etməyə və kömürdən asılılığı azaltmağa kömək edəcək. Texnologiyaların düzgün tətbiqi bu sahədə nailiyyətlərə də gətirib çıxaracaq. Azərbaycan emissiyanın azaldılmasında COP29 çərçivəsində bu texnologiyaların həllərini təqdim edə bilər. Ümumilikdə dünyada gedən müzakirələrdə bu sahədə bioenerjinin inkişaf etdirilməsi qlobal 2ºC-ə alternativ hədəf kimi göstərilir. Bundan çıxış yolu kimi və 2100-cü ilə qədər 1.5 dərəcənin saxlanması qlobal istixanaların və emissiyanın 2010-2050 hədəfləri ilə müqayisədə 70-95 faiz endirilməsi nəzərdə tutulur. Şübhəsiz ki, bütün bunlar qlobal maliyyə və enerji sənayesi üçün çağırışdır”, - deyə QHT sədri vurğulayıb.
V.Əhmədov qeyd edib ki, dünyanın hazırkı enerji bazarlarına tələbi fonunda bu hədəflərə mərhələli şəkildə çatmaq mümkün yol kimi görünür. Əgər qlobal emissiyaların və istixanaların azaldılması dünyanın aparıcı dövlətləri üçün bir tələbdirsə, COP çərçivəsində aparılacaq müzakirələr kiçik ada dövlətlərinin bu sahədə yeni imkanlar əldə etməsinə fürsət kimi görünür. Azərbaycanda keçiriləcək COP29 tədbiri bütün bu məsələləri diqqətdə saxlayaraq, öncəki COP-larda əldə olunmuş hədəflərin qorunub saxlanmasına və yeni hədəflərə çatmağa kömək edəcək.
“Azərbaycan dövləti qlobal tədbirə ev sahibliyi etməklə, eyni zamanda, bu sahədə texnologiyaları inkişaf etdirmək istəyən ölkələr üçün də maliyyə fondunun formalaşmasına da dəstək olacaq”, - deyə o fikirlərini yekunlaşdırıb.