Qırğızıstanda yaşayan Azərbaycanlılara Dəstək Fondu yaradılmışdır
Bişkek, 9 sentyabr (AZƏRTAC). Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Bişkekdə Qırğızıstanda yaşayan Azərbaycanlılara Dəstək Fondu yaradılmışdır.
Fondun təsis konfransında Qırğızıstanda yaşayan iş adamları, diasporumuzun üzvləri iştirak etmişlər.
Tədbirdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov çıxış edərək qurumun fəaliyyətindən və funksiyalarından danışmışdır. O, Dünya azərbaycanlılarının III qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi üzərində xüsusi dayanmışdır. N.Məmmədov Azərbaycan Prezidentinin qurultaydakı nitqindən bu fikirləri xatırlatmışdır: “Soydaşlarımız - azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında təmsil olunmalıdırlar. Onların sayı da bəzi hallarda buna imkan verir. Qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır”. Nüsrət Məmmədov demişdir ki, Azərbaycan Prezidentinin proqram xarakterli nitqindəki bu fikirlər bizim üzərimizə böyük vəzifələr qoyur.
Sonra səsvermə yolu ilə fondun 5 nəfərdən ibarət Nəzarət Şurası müəyyənləşmişdir. Osman Səfərov şuranın sədri seçilmişdir.
Soydaşlarımızdan Qiyas Xəlilov, Sərməz Usubov, Yusif Məmmədhəsənov və başqaları belə bir fondun yaradılmasının zəruriliyindən danışmışlar. Eyni zamanda onlar yaxın vaxtlarda Qırğızıstan Azərbaycanlıları Konqresinin yaradılmasını təklif etmişlər. Bildirilmişdir ki, fonda toplanan vəsait imkansız ailələrə, qocalara və valideynlərini itirmiş uşaqlara xərclənəcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek