MƏDƏNİYYƏT
Qış tətili günlərində cənub bölgəsinə gələn turistlərin sayı artmışdır
Lənkəran, 3 yanvar (AZƏRTAC). Bayram günlərində respublikamızın müxtəlif bölgələrindən Lənkəran və Lerik rayonlarının turizm və istirahət mərkəzlərinə gələnlərin sayı artmışdır.
AZƏRTAC xəbər verir ki, qış tətili əlaqədar cənub bölgəsindəki istirahət mərkəzlərində qiymətlərin 30-40 faiz endirilməsi burada dincələnlərə əsl bayram hədiyyəsi olmuşdur. Lənkərana gələn turistlərin əksəriyyəti Xəzər dənizi sahillərində yerləşən hotellərdə dincəlməyə üstünlük verir. Bölgədəki turizm və istirahət mərkəzlərinin dünya standartlarına cavab verməsi, xidmətlərin yüksək səviyyədə olması və bayramla bağlı endirimlər turistlərin artması ilə nəticələnmişdir.
Lənkərandakı istirahət mərkəzinin təmsilçisi Elman Əliyev AZƏRTAC-a müsahibəsində demişdir: Yeni il bayramı ilə bağlı mərkəzimizdə böyük hazırlıq işləri görülmüşdür. Zəhmətimiz hədər getməmişdir. Bayram günlərində nəzərdə tutduğumuzdan da artıq turist qəbul etmişik.
Dekabrın 31-də Lerikə yağan qar turistlərə əsl bayram əhval-ruhiyyəsi bəxş etmişdir. Rayonun turizm və istirahət mərkəzlərində qiymətlərin yay turizm mövsümünə nisbətən 30-40 faiz endirilməsi də burada dincələnlərin ürəyincə olmuşdur. Hazırda səhər yeməyi də daxil olmaqla bir nəfərin gündəlik xərci 30-35 manat təşkil edir ki, bu da yay mövsümünə nisbətən təxminən 30 faiz ucuzdur.
Lerikdəki istirahət mərkəzinin nümayəndəsi Şakir Qafarov bildirmişdir ki, hotellərdə boş yer yoxdur. Turistlər burada həftənin sonuna kimi qalacaqlar. Cənub bölgəsinin müxtəlif rayonlarında yerləşən tarixi yerlərə ekskursiyaların təşkil edilməsi və qədim abidələrlə tanışlıq turistlər tərəfindən məmnunluqla qarşılanmışdır.
Lerik rayonunun Zuvand zonasında yerləşən xizəksürmə məkanları idmanın bu növü ilə məşğul olanları özünə cəlb etmişdir. Turist Eldar Kərimov öz təəssüratlarını bölüşərək demişdir: Lerikə qızımla birlikdə gəlmişəm. İlk dəfədir ki, bu yerlərdə oluruq. Burada hər şey gözəldir: təbiət də, yaradılan şərait də, insanlar da. Yeni il bayramını yüksək səviyyədə qeyd etdik. Burada çalışan bütün insanlara minnətdarıq.
Bakıdan Lerikdəki istirahət mərkəzində dincəlməyə gəlmiş Aqil Əliyev də söhbətə qoşularaq istirahət günlərini Lerikdə keçirdiklərini, burada yaxşı istirahət etmək, əylənmək üçün hər cür şərait yaradıldığını və qiymətlərin münasib olduğunu bildirmişdir.