CƏMİYYƏT
Qubada ekoloji seminar keçirilmişdir
Bakı, 20 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyi “Ekoloji mövzuların təbliği, bu istiqamətdə məktəblərdə maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində Quba rayonu Susay kənd tam orta məktəbində seminar keçirmişdir.
Tədbirdə ictimai birliyin sədri Şahin Qədirov planetdəki xəstəliklərin 40 faizinin yaranmasına səbəb olan fiziki, kimyəvi və bioloji mənşəli ekoloji faktorlardan, biologiya elmləri üzrə fəlsəfə doktoru, ekspert Babakişi Quliyev isə atmosferdə toz və qazların toplanması nəticəsində istilik balansının dəyişməsindən, qlobal istiləşmənin artmasından, ozon deşiklərinin yaranmasından söhbət açmışlar.
Coğrafiyaçı ekspertlər, yeniyetmə və gənclər çıxışlarında şoranlaşmadan, torpaqda münbitliyin aşağı düşməsindən, suda, havada zərərli maddələrin toplanmasından, bitki və heyvanların məhv edilməsindən narahatlıqlarını bildirirmişlər.
Sonda tədbir iştirakçılarına maarifləndirici materiallar paylanmışdır.