Qumlu torpaqlarda bitən quraqlığa davamlı petuniya
Bakı, 4 may, AZƏRTAC
Petuniyanın mədəni formaları XVIII əsrdən yetişdirilir. İlk dəfə həmin cinsin nümayəndələrinin geniş təsvirini 1793-cü ildə fransız alimi Yan Batist Lamark tütün adı altında verib. Bundan on il sonra bitkini petuniya cinsinə daxil ediblər. İndi park və xiyabanlarda becərilən petuniyalar hibrid və bağ formalarıdır.
Petuniya cinsinin ilk sortu 1839-cu ildə yaradılıb. Bundan sonra bitkinin toxumla deyil, yalnız vegetativ yolla çoxalan Surfiniya, Million Bellz, Kalibraxoa və digər sortları yetişdirilməyə başlanılıb. Son illərdə bitkinin Milliflora adlı xırda çiçəkli forması daha çox məşhurlaşaraq dəbə minib.
Petuniya ot və ya yarımkol bitkisidir, vətəni Cənubi Amerika, Braziliya və Argentina hesab edilir. Adının mənası Braziliya dilindən hərfi tərcümədə tütün mənası verir. Çiçəkləri ağ, purpur, qırmızımtıl və digər rənglərdə olur. İşığı və istiliyi sevən bitkidir, günəş işığı bol olanda yaxşı yetişir, quraqlığa davamlı olduğuna görə gilli və qumlu torpaqlarda bitir.
Əsasən toxumları vasitəsilə çoxaldılır, onu fevralda əkəndə daha tez çiçək aşır. Yumşaq, yüngül, havalı və qidalı torpağa əkiləndən 70-75 gün sonra çiçəkləməyə başlayır. İriçiçəkli formaları bundan 10-15 gün sonra çiçəkləyir və kiçik çiçəkli formalarına nisbətən suya daha tələbkardır. Petuniya çiçəkləri ümidin itməməsi əlaməti daşıyır.