Qusarda yanğında xəsarət alan altı nəfər Bakıya göndərilib
Qusar, 22 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda yerləşən "Park Qusar" istirahət mərkəzinin ərazisindəki kottecdə baş verən yanğın nəticəsində yaralanan altı nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yaralılardan Dadaşova Natalya Borisovnanın vəziyyəti ağır, Dadaşov Emil Rüstəm oğlunun vəziyyəti orta ağırdır. Yanıq xəsarətləri alan dörd nəfərin vəziyyəti isə yüngül qiymətləndirilir.
Yaralıların hamısı ilkin tibbi yardımdan sonra Bakıda yerləşən ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilib.
Qeyd edək ki, yanğın nəticəsində dörd nəfər - Emin Babayev, Zülfiyyə Babayevə, Rauf Babayev və Rüstəm Dadaşov dünyasını dəyişib.
Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı kotteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kottecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyi ehtimal edilir.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.