Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət məlum oldu
Bakı, 11 avqust (AZƏRTAC). Avqustun 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 45 m3/s olmaqla ongünlük normanın 34 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm təqribən iki dəfə çox olmaqla 113 m3/s və ongünlük normanın 84 faizini təşkil edib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 17 m3/s olmaqla, ongünlük normanın 25 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici doqquz dəfə çox olmaqla 167 m3/s təşkil edərək ongünlük normanın 249 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1 santimetr artım, Salyanda 3 santimetr azalma qeydə alınıb, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 299, Salyanda 63, Bankədə 191, Araz çayının Novruzlu məntəqəsində isə 20 santimetr təşkil edir.