RSPC SEE-nin Baş katibi: Parlamentlərarası əməkdaşlıq regionumuz üçün mühüm əhəmiyyət kəsb edir
Bakı, 18 iyun, AZƏRTAC
Parlamentlərarası əməkdaşlıq regionumuz üçün mühüm əhəmiyyət kəsb edir. İqtisadi qeyri-sabitlik, iqlim böhranı və geosiyasi çağırışlarla xarakterizə olunan bugünkü dünyada biz qarşılıqlı hörmət və əməkdaşlıq üzərində qurulmuş körpülər salmalı və onları möhkəmləndirməliyik.
AZƏRTAC xəbər verir ki, bunu Cənub-Şərqi Avropada Parlament Əməkdaşlığı üzrə Regional Katibliyinin (RSPC SEE) Baş katibi Vladimir Beron iyunun 18-də Milli Məclisdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında deyib.
“Cənub-Şərqi Avropada əməkdaşlıq platforması olaraq biz nəqliyyat, texnoloji həllər, yaşıl gələcək və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi sahələrdə ortaq məqsədləri bölüşürük. Bu prioritetlər bizim həmrəylik və uzunmüddətli inkişaf yolunda birgə səylərimizin açıq ifadəsidir.
Enerji, nəqliyyat, innovasiya, təhlükəsizlik və demokratiya sahələrində qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi bizim missiyamızın mərkəzində dayanır. Biz müştərək layihələri, tematik forumları və parlamentlərarası dialoqu tam şəkildə dəstəkləyirik. Əminik ki, birlikdə daha sabit, dayanıqlı və firavan bir Cənub-Şərqi Avropa və Qara Dəniz regionu yarada bilərik”, - deyə Vladimir Beron qeyd edib.