Rusiya Diplomatik Akademiyasında Azərbaycan haqqında məruzə dinlənilib
Moskva, 2 may, AZƏRTAC
Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyada keçirilən “XXI əsrdə beynəlxalq münasibətlərin transformasiyası: çağırışlar və perspektivlər” mövzusunda III Beynəlxalq elmi-praktik konfransda Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan məruzə dinlənilib.
Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Nəcibə Mustafayevanın məruzəsində Azərbaycanın ötən müddətdə həyata keçirdiyi xarici siyasət və onun konseptual prinsipləri, beynəlxalq təşkilatlarda fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həlli məsələlərinə toxunub. Qeyd olunub ki, Azərbaycan bu gün həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət sayəsində regionda əhəmiyyətli layihələrin təşəbbüskarına, etibarlı tərəfdaşa çevrilib.
Konfransda beynəlxalq münasibətlər və xarici siyasət, beynəlxalq təhlükəsizlik, elmin, mədəniyyətin, təhsilin beynəlxalq münasibətlərdə rolu və digər mövzular ətrafında müzakirələr aparılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva