RUSİYA ÖZ SƏRHƏDLƏRİNDƏ YARANMIŞ VƏZİYYƏTDƏN NARAHATDIR
S.Yastrjembski demişdir: “İndi marşrutların istiqaməti dəyişmişdir. Əvvəllər terrorçular Çeçenistan ərazisinə Azərbaycandan keçirdilərsə, indi Gürcüstandan keçirlər, bu da onunla əlaqədardır ki, Azərbaycanın xüsusi xidmət orqanları terror fəaliyyətində şübhəli bilinən vətəndaşları tutub Rusiyaya təhvil verirdilər”.
S.Yastrjembski qonşu Türkiyəyə də münasibətini açıqlayaraq demişdir ki, Türkiyədə Çeçenistanda separatçıları və terrorçuları fəal surətdə dəstəkləyən qüvvələr var. Lakin Prezidentin köməkçisi sözünə düzəliş edərək demişdir: “Mən bu fəaliyyətin arxasında Türkiyə hökumətinin dayanması fikrindən uzağam”. O, Türkiyə hökumətini xüsus xidmət orqanları xətti ilə Rusiya ilə daha sıx əməkdaşlığa çağırmışdır ki, terror aktlarının hazırlanmasının ilkin mərhələsində bu təhlükəni aradan qaldırmaq mümkün olsun.
Xatırladaq ki, son illər Azərbaycanın beynəlxalq terrorizmlə mübarizə sahəsində Rusiya ilə sıx əməkdaşlığı nəticəsində terrorizmdə və onu dəstəkləməkdə ittiham olunan onlarca adamı Rusiyaya təhvil vermişdir. Rusiyanın yüksək vəzifəli məmurları bu sahədə Azərbaycanla uğurlu əməkdaşlığı dəfələrlə nəzərə çarpdırmış və onu yüksək qiymətləndirmişlər.