Rusiya telekanallarının nümayəndələri ölkəmizdə çəkilişlər aparırlar
Bakı, 27 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq fəaliyyətinin prioritet istiqamətlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğidir. Bununla əlaqədar nazirlik tərəfindən Rusiya Federasiyasının “Rossiya 1” və “Moya Planeta” telekanallarının nümayəndələrinin Azərbaycana səfəri təşkil edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfərin təşkilində məqsəd respublikamızın turizm potensialını əks etdirən filmin istehsalı və “Rossiya 1”, “Moya Planeta” telekanallarında yayımlanan “Mirovoy rınok s Aleksandrom Pryanikovım” televiziya layihəsi üçün ölkəmizdə çəkilişlərin aparılmasıdır.
Səfər zamanı Rusiyanın çəkiliş qrupunun martın 1-dək ölkəmizin zəngin turizm potensialı, milli mətbəximiz və tarixi abidələr haqqında çəkilişlərin aparılması nəzərdə tutulub.
Çəkilişlər Bakının tarixi hissəsi olan Qız qalası, Şirvanşahlar sarayı və şəhərimizin görməli yerlərində, milli mətbəx nümunələrini təklif edən restoranlarda, iri ticarət mərkəzlərində və digər məkanlarda aparılacaq.