RUSİYADA BAŞ VERMİŞ TƏYYARƏ QƏZASINDA HƏLAK OLANLAR ARASINDA SƏKKİZ AZƏRBAYCAN VƏTƏNDAŞI VAR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 14-də Moskvadan Permə uçan Boinq-737 təyyarəsi qəzaya uğramışdır. Təyyarədəki 81 sərnişinin və 6 nəfər heyət üzvünün hamısı həlak olmuşdur. İlkin ehtimala görə, təyyarə mühərrikin birinin sıradan çıxması nəticəsində qəzaya uğramışdır.
RF Fövqəladə Hallar Nazirliyinin Perm vilayəti üzrə Baş idarəsindən bildirmişlər ki, həlak olanlar arasında 21 digər ölkənin vətəndaşı, o cümlədən 8 nəfər Azərbaycan vətəndaşı, habelə Ukrayna, Fransa, İsveçrə, Latviya, ABŞ, Almaniya, Türkiyə və İtaliya vətəndaşları da vardır.
Həlak olmuş Azərbaycan vətəndaşları aşağıdakılardır:
Abdullayev Rafiq (20.06.1960)
Əzizov Məmmədəli (14.03.1958)
Bədirov Ənvər (26.12.1951)
Cəlilov Akif (18.09.1949)
Mirzəyeva Nuridə (10.01.1986)
Osmanov Tağı (09.06.1994)
Səfiyev İsmayıl (13.02.1976)
Şabanov Aqil (02.01.1967)
Hadisə ilə bağlı operativ məlumat almaq üçün Permdə “qaynar xətt” yaradılmışdır: 8-495-626-37-07.
Təyyarənin məxsus olduğu “Aeroflot” kompaniyası həlak olanların ailələrinə 2 milyon rubl məbləğində kompensasiya ödəyəcəyi və hər cür yardım göstərəcəyi barədə məlumat yaymışdır.
Permdə baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan vətəndaşları ilə əlaqədar ölkəmizin RF-dəki səfiri Polad Bülbüloğlunun tapşırığı ilə intensiv işlər aparılır, Rusiyanın hökumət nümayəndələri ilə sıx əlaqə saxlanılır.
“Şeremetyevo-1” hava limanının böhran qərargahında olan Azərbaycan səfirliyinin konsulluq şöbəsinin nümayəndələri bildirmişlər ki, Moskva-Perm marşrutu ilə uçarkən qəzaya uğramış Boinq-737 təyyarəsində ölənlərin cəsədlərinin tanınması işləri aparılır və cəsədlərin vətənlərinə qaytarılması barədə hələ danışmaq tezdir. Lakin həlak olanların tanınması və oxşadılması prosedurasından sonra, hökmən həyata keçiriləcəkdir. Diplomatik heyətdən həmçinin bildirmişlər ki, həlak olan xarici vətəndaşların siyahısı dəqiqləşdirilmişdir. Azərbaycan vətəndaşı kimi təqdim olunan Lyudmila Yuqas əslində Ukrayna vətəndaşıdır.