Rusiyada işləri uğurla gedən adamlar arasında soydaşlarımız da vardır
Bakı, 13 aprel (AZƏRTAC). Murmansk vilayəti hökumətinin saytında “Rusiyada işləri uğurla gedən adamlar arasında soydaşlarımız da vardır” adlı məqalə dərc edilmişdir.
Məqalədə “Rusiyanın uğurlu insanlarının bioqrafik ensiklopediyası”nın dördüncü nəşrinin çapdan çıxmasından söhbət gedir. Ensiklopediyaya məşhur müasirlərimiz haqqında təqribən 9.800 bioqrafik mətn və 32.200 şəxsin adı daxil edilmişdir. Bu insanların həyatı haqqında məlumatı nəşriyyatın rəsmi saytında tapmaq olar. Ensiklopediyada Murmanskda yaşayan iki soydaşımızın - Cəlal Rzayev və Afil Hüseynov haqqında bioqrafik məlumatlar da vardır.
Cəlal Rzayev ingilis dili müəllimi, Murmansk Dövlət Universitetinin fəlsəfə və sosiologiya kafedrasının professorudur. “RF-nin fəxri ali peşə təhsili işçisi” döş nişanı, Murmansk vilayət qubernatorunun və Murmansk Dövlət Universitetinin rəhbərliyinin fəxri fərmanları ilə təltif edilmişdir.
Digər soydaşımız Afil Hüseynov isə sahibkar, Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsinin sədri, Murmansk vilayəti İctimai Palatasının üzvü, Murmansk vilayətinin qubernatoru yanında Milli Məsələlər üzrə Məşvərət Şurasının üzvüdür.