Saatlıda sənaye məhsulu və xidmətlərin 94,24 faizi emal və mədənçıxarmanın payına düşüb
Saatlı, 12 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Bu ilin yanvar-iyun ayları ərzində Saatlı rayonunda 11 sənaye müəssisəsi və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 38 milyon 387,5 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. İstehsalın 94,24 faizi sənaye məhsulları, 5,76 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olub.
Saatlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, istehsal olunan sənaye məhsulu və xidmətlərin 94,24 faizi emal və mədənçıxarma sənayesi bölməsinin, 3,92 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,84 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşüb. Ümumi istehsalda qeyri-dövlət sektoru 66,6 faiz, dövlət sektoru isə 33,4 faiz təşkil edib. Mal və xidmətlərin 32 milyon 813,9 min manat və ya 85,5 faizi hüquqi şəxslər, 5 milyon 573,6 min manat və ya 14,5 faizi isə fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunub.
Sənaye istehsalçıları tərəfindən yanvar-iyun ayları ərzində 9496,3 ton pambıq mahlıcı, 12058,0 ton pambıq çiyidi, 405,5 ton pambıq lint-tiftiyi, 49,2 ton pambıq ulyuku, 442,85 ton biyan turşusu, 50,9 ton biyan kipi istehsal olunub.