“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, 27 mart - “Elm günü” ilə bağlı tədbirlər planı çərçivəsində reallaşan görüşdə direktor, AMEA-nın müxbir üzvü Oqtay Səmədov dövlətin və cəmiyyətin inkişafında elmin rolundan danışıb. Elmlə təhsilin inteqrasiyasına toxunan alim sağlam düşüncəli və yüksək elmi biliyə malik nəslin yetişdirilməsinin qarşıda duran vəzifələrdən olduğunu söyləyib. O, müvafiq istiqamətdə RPİ-də uzun illərdir müəyyən işlərin həyata keçirildiyini, müəssisənin yetişdirdiyi gənc alimlərin respublika və beynəlxalq miqyaslı yarışmalarda yüksək mükafatlara layiq görüldüklərini vurğulayıb.
Oqtay Səmədov bildirib ki, RPİ-nin alimlərinin rəhbərliyi ilə Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi İsgəndər Yusifzadə “Dəmir əsaslı nanohissəcik sistemlərindən dərmanların ünvanlı çatdırılmasında istifadə” layihəsinə görə “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin biologiya nominasiyasında 1-ci, Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin 9-cu sinif şagirdləri Nicat Ömərli və Məryəm Bayramova isə “Epitaksial təbəqəli heterokeçid əsasında fotodetektor” layihəsinə görə fizika nominasiyasında 3-cü yerə layiq görülüblər.
Sonra professor Rövşən Xəlilov, dosent Mətanət Mehrabova və başqaları çıxış edərək bu cür yarışmaların gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük əhəmiyyətə malik olduğunu bildiriblər.
Tədbirdə şagirdlərin təqdimatları dinlənilib, müzakirələr aparılıb, suallar cavablandırılıb.