Şabranda Gənclər üçün Avropa yay məktəbinin növbəti buraxılışı olub
Bakı, 10 avqust, AZƏRTAC
Bu gün Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin Şabran rayonunda təşkil etdiyi Avropa məktəbinin (EuroSchool) 6-cı buraxılışına yekun vurulub.
Nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, “EuroSchool”da ölkənin hər bir tərəfindən ümumilikdə 18-25 yaşarası 18 gənc seçilib.
Beynəlxalq təlimçilərin iştirakı ilə 3 gün davam edən “EuroSchool Azerbaijan” Avropa İttifaqı, onun tarixi, fundamental prinsip və dəyərləri, enerji və ətraf mühitlə bağlı məsələlər, Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı Təşəbbüsü və Aİ-Azərbaycan münasibətləri haqqında daha çox məlumat əldə etmək üçün bir sıra interaktiv sessiyalar keçirilib.
İştirakçılara, həmçinin Avropada gənclər üçün mövcud olan təhsil və digər imkanlar haqqında da məlumat verilib. Proqramın təhsil hissəsi ilə yanaşı, iştirakçılar bölgə daxilində ekskursiyalarda iştirak edib. Avropa İttifaqı ölkələrindən olan gənclər də tədbirə qatılıb öz bilik və təcrübələrini Azərbaycan gəncləri ilə bölüşüb.
Qeyd edək ki, artıq altıncı dəfədir Azərbaycanda təşkil olunmuş yay məktəbi 2016-cı ildə yaradılıb, Aİ-nın üzv dövlətlərini və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən, Aİ təşəbbüsü olan “Gənc Avropa səfirləri” şəbəkəsi çərçivəsində dəstəklənir.