CƏMİYYƏT
Şahdağ Milli Parkında üç gün davam edən yanğın tam söndürülüb
Bakı, 6 avqust (AZƏRTAC). Avqustun 3-də Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin 10-cu dolayında baş vermiş yanğın avqustun 6-da tam söndürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bir neçə gün davam edən yanğın ucqar dağlıq ərazilərdə bir-birindən uzaq məsafələrdə baş verdiyindən onun söndürülməsi xeyli çətinlik yaradıb. Yanğın təhlükəsinin ciddiliyi nəzərə alınaraq nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib. Nazirliyin ərazidə olan 300 nəfərdən çox əməkdaşı, o cümlədən müvafiq departament rəhbərləri və işçi qüvvəsinin səyləri nəticəsində artıq bir neçə gündür ki, davam edən yanğının tam qarşısı alınıb.
Yanğının baş verdiyi ərazi yüksək dağ massivində, yəni dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə yerləşdiyindən yanğınsöndürən maşınların əraziyə cəlb edilməsində problemlər yaranıb. Yanğının qarşısının alınmasında əsasən əl əməyindən və Fövqəladə Hallar Nazirliyinin helikopterlərinin köməyindən istifadə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin, ümumilikdə, 500-ə yaxın əməkdaşı çətin şəraitdə yanğının söndürülməsi üçün ciddi tədbirlər görüb.
Ümumilikdə bir-birindən aralı məsafələrdə yerləşən kiçik sahələrdə baş vermiş yanğın közərtilər də daxil olmaqla 15 hektara yaxın ərazini əhatə edib. Yanğın nəticəsində 3 hektara yaxın quru ot və kol örtüyünə ziyan dəyib.