ŞAHTAXTI-POLDƏŞT SƏRHƏD-KEÇİD MƏNTƏQƏSİNİN AÇILIŞI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 17-də Azərbaycan ilə İran arasında Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin təntənəli açılış mərasimi olmuşdur.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev mərasimdə iştirak etmək üçün gələn Ali baş komandan, Prezident İlham Əliyevə raport verdi.
Məlumat verildi ki, burada İran ilə Azərbaycan arasında sərhəd-keçid məntəqəsi Araz çayı üzərində ancaq piyadalar üçün nəzərdə tutulan körpüdə yerləşirdi. Yeni körpünün istifadəyə verilməsi ilə həmin məntəqə ləğv olunacaqdır. 2003-cü ildə İranla Azərbaycan arasında Şahtaxtı-Poldəşt körpüsünün tikintisi barədə memorandum imzalanmış və 2005-ci ildə inşaat işlərinə başlanmışdır. Bu ilin avqustun 21-də İran Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfəri zamanı uzunluğu 160 metr olan bu körpüyə beynəlxalq status verilməsi barədə sənəd imzalanmışdır. İran tərəfi bu körpü vasitəsilə Fars körfəzindən Avropaya yük daşımaq niyyətindədir.
İran İslam Respublikasının birinci vitse-prezidenti Pərviz Davudi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ehtiramla qarşıladı. Azərbaycan Prezidenti və İranın birinci vitse-prezidenti körpünün rəmzi açılışını bildirən lenti kəsdilər.
Prezident İLHAM ƏLİYEV xeyir-duasını verərək, mərasim iştirakçılarına müraciətlə dedi: Mən sizin hamınızı bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Mən dünən İranda idim, gördüm ki, Tehran şəhərində çox sürətli işlər gedir. Azərbaycanda, Bakıda da bu işlər gedir, çoxlu sayda körpülər tikilir, ancaq onlar şəhər nəqliyyatı üçündür. Bu körpü isə iki ölkəni, iki xalqı birləşdirən körpüdür, insanların gediş-gəlişini asanlaşdıracaqdır. Təxminən iki il bundan əvvəl cənab Mahmud Əhmədinejad və mən İrandan Naxçıvana qazın verilməsini bir yerdə qeyd etdik. Qaz kəməri Arazın altından, bu körpü isə Arazın üstündən keçir. Yenə də deyirəm, bu, təkcə nəqliyyat üçün deyil, bizim ölkələrimizi, insanları birləşdirən körpüdür.
Mən dünən İrandan qayıtdım, indi isə, icazə versəniz, sərhədi bir də keçərəm.
İranın birinci vitse-prezidenti PƏRVİZ DAVUDİ dövlətimizin başçısına təşəkkür edərək dedi: Bu körpü vasitəsilə əziz və hörmətli Naxçıvan əhalisi, eyni zamanda, İranın Qərbi Azərbaycan vilayətinin əhalisi daha çox gediş-gəliş edəcək, ticarət-iqtisadi əlaqələr quracaqlar. Körpü hər iki tərəfin əhalisinin rifahının yaxşılaşmasına, onların yaşayışının daha da rövnəq olmasına kömək göstərəcəkdir.
Mən cənab İlham Əliyevi bu körpünün açılışı münasibətilə Poldəşt ərazisinə dəvət edirəm.
Azərbaycan Prezidenti İlham Əliyev Araz çayı üzərindən piyada İran sərhədini keçdi. Burada dövlətimizin başçısını Poldəşt sakinləri hərarətlə, böyük sevgi ilə qarşıladılar. Prezident İlham Əliyev onlarla səmimi görüşdü, körpünün açılışı münasibətilə təbrik etdi.
Dövlətimizin başçısı İran televiziyasına qısa müsahibə verdi.
Sonra Prezident İlham Əliyev və İranın birinci vitse-prezidenti Pərviz Davudi Azərbaycan tərəfə qayıdaraq söhbət etdilər, bu tarixi hadisəni rəmzi qeyd etdilər.