Şamaxıda 9 noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilmişdir
Şamaxı, 7 noyabr (AZƏRTAC). Noyabrın 7-də Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ziyalılarının, gənclərin iştirak etdikləri yığıncaqda Mərkəzin direktoru Dilşad Əhmədlinin “Bayrağımız qürurumuzdur” mövzusunda məruzəsi dinlənilmişdir.
O demişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1918-ci il iyunun 24-də Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk qərar verilmiş, bu qərara əsasən üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq dövlət bayrağı kimi qəbul olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə həmin bayraq üçrəngli - mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilmişdir. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırılmışdır. Həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə yadda qalmışdır.
Dilşad Əhmədli Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 18 noyabr tarixli Fərmanına əsasən hər il 9 noyabrın “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdırmışdır.
Yığıncaqda digər çıxış edənlər bildirmişlər ki, bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da Ulu Öndərin yolunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır.
Sonra Dövlət Bayrağı Meydanının açılışına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.