Şamaxıya gələn turistlərin sayı artmışdır
Şamaxı, 22 dekabr (AZƏRTAC). Şamaxıda turizmin maddi-texniki bazasının möhkəmlənməsi bu regiona gələn turustlərin sayının artmasına səbəb olmuşdur.
Rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Şamaxıda 25 turizm obyekti, 5 turizm marşrutu vardır. Şamaxı-Pirqulu-Dəmirçi kəndi, Şamaxı-Gülüstan qalası, Şamaxı-Kələxana kəndi, Şamaxı-Göylər kəndi, Şamaxı-Qaleyi Bəyqurd qalası üzrə marşrutlarda turistləri bölgənin nəinki gözəl flora və faunası, o cümlədən XVIII-XIX əsrlərə aid olan Yeddi Günbəz, Pir-Mərdəkan abidələri, Göylər kəndindəki XII əsr kurqanları, VIII-XV əsrlərə aid möhtəşəm Gülüstan qalası, XII-XV əsrlərə aid Qaleyi-Bəyqurd (Buğurd) qalası və sair tarixi abidələr onlarda unudulmaz təəssüratlar yaradır.
Azərbaycan Prezidentinin sərəncamı ilə əsaslı şəkildə təmir edilən 743-cü ilə aid olan Şamaxı Cümə Məscidi və Şamaxı Astrofizika Rəsədxanası da nəinki yerli, xarici turistlər üçün də olduqca maraqldır. Təsadüfi deyildir ki, son illər Şamaxıya Türkiyədən, İrandan, Almaniyadan, Rusiyadan və başqa ölkələrdən xeyli turist gəlmişdir. Rayona gələn turistlərin sayı da ildən ilə artmaqdadır. Belə ki, 2011-ci ildə onların sayı 70150, 2012-ci ildə 71100, cari ildə isə 81000 nəfə çatmışdır.