Sankt-Peterburqun Azərbaycan diasporunun həyatı ilə bağlı aktual məsələlər müzakirə edilmişdir
Sankt-Peterburq, 2 aprel (AZƏRTAC). Aprelin 2-də Sankt-Peterburqda Sankt-Peterburqun azərbaycanlı elm, təhsil və incəsənət xadimləri Assosiasiyasının hesabat-seçki yığıncağı keçirilmişdir.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, yığıncaq iştirakçıları Neva çayı sahillərindəki şəhərin Azərbaycan diasporunun həyatı ilə bağlı aktual məsələləri müzakirə etmişlər. Sankt-Peterburq azərbaycanlılarının qurultayına nümayəndələr seçilməsi haqqında da qərar qəbul edilmişdir. Bu qurultay Azərbaycan diasporunun gələcək fəaliyyət istiqamətlərini müəyyən edəcəkdir.
Sankt-Peterburqun azərbaycanlı elm, təhsil və incəsənət xadimləri Assosiasiyasının əsas vəzifələri azərbaycanlı gənc alimlərin elmi-tədqiqat işinin əlaqələndirilməsi və dəstəklənməsi, onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi üçün şərait yaradılması, azərbaycanlı miqrantların öyrədilməsi və onlara kömək göstərilməsi, azərbaycanlı elm və mədəniyyət xadimlərinin elmi-tədqiqat layihələrində iştirakının səmərəsinin artırılması və onların öz ideyalarını reallaşdırmaqdır.
Sankt-Peterburqun azərbaycanlı elm, təhsil və incəsənət xadimləri Assosiasiyasının sədri vəzifəsinə professor, Smolnı İnstitutunun rektoru Heydər İmanov seçilmişdir.