Səfir: Bu il Azərbaycan-Özbəkistan əlaqələri üçün səmərəli olacaq
Bakı, 14 iyun, AZƏRTAC
Qardaş ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin gələcək inkişafı baxımından ötən illə müqayisədə bu il də səmərəli olacaq. Məmnunluqla qeyd etmək istəyirəm ki, bu istiqamətdə ilk addım cari il martın 1-də Azərbaycanın paytaxtında keçirilən Qoşulmama Hərəkatının sammitində Prezident Şavkat Mirziyoyevin iştirakı sayəsində atılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iyunun 14-də Bakıda təşkil olunmuş dəyirmi masada Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib. Azərbaycan-Özbəkistan münasibətlərinə və Özbəkistan prezidenti postuna iyulun 9-na nəzərdə tutulan növbədənkənar seçkilərə həsr olunan tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) keçirilib.
Özbəkistanın Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayan diplomat ən müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin mübadiləsinin son vaxtlar fəallaşmasından məmnunluq ifadə edib. Onun sözlərinə görə, əməkdaşlığın yeni mexanizmlərinin tətbiqi son illər müşahidə olunan müntəzəm təmasların nəticəsi olub.
“Liderlərimizin razılaşmalarının praktik icrası çərçivəsində Özbəkistan-Azərbaycan əlaqələrinin spektrinin daha da genişlənməsi üzrə fəal iş aparılır”, - deyə səfir bildirib.