SƏFİR ƏLİ HƏSƏN CƏFƏR: “HEYDƏR ƏLİYEVİN XATİRƏSİXALQLARIMIZIN QƏLBİNDƏ ƏBƏDİ YAŞAYACAQDIR”
AZƏRTAC-ın müxbirinin verdiyi xəbərə görə, qonağı salamladıqdan sonra parlamentin sədri demişdir ki, ölkələrimiz arasında münasibətlərin bugünkü yüksək səviyyəyə çatmasında Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin xüsusi rolu olmuşdur. Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanmış müqavilələr siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimizin inkişafına təkan vermişdir.
Parlamentin sədri Murtuz Ələsgərov Azərbaycan xalqına üz vermiş kədərlə bağlı başsağlığına, Azərbaycandakı qaçqın və məcburi köçkünlərə edilən yardımlara, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini müdafiə etdiyinə görə Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyinə minnətdarlığını bildirdi.
Səmimi qəbul üçün minnətdarlıq edən səfir Əli Həsən Cəfər demişdir ki, həqiqətən də ölkələrimiz arasındakı əlaqələrin inkişafında Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Bu dahi şəxsiyyətin Krallığa səfəri zamanı əldə olunan razılaşmalar münasibətlərimizin inkişafına təkan vermişdir. Onun vəfatı təkcə Azərbaycan xalqını deyil, Səudiyyə Ərəbistanı Krallığını da dərindən sarsıtmışdır. Səudiyyə Ərəbistanı ictimaiyyətinin nümayəndələri bu ağır itki ilə bağlı Azərbaycanın Ər-Riyaddakı diplomatik nümayəndəliyinə gələrək, səfirlik vasitəsi ilə başsağlığı veriblər. Böyük insan, nəhəng siyasətçi Heydər Əliyevin xatirəsi xalqlarımızın qəlbində əbədi yaşayacaqdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə gəldikdə isə Səudiyyə Ərəbistanının mövqeyi dəyişməzdir. Azərbaycanın haqq işi daim müdafiə olunacaqdır.
Səfir öz ölkəsinin parlamentinin sədri Saleh bin Abdulla bin Hümeyd Al Malikin Milli Məclisin sədrinə göndərdiyi dəvət məktubunu Murtuz Ələsgərova təqdim etdi.
Murtuz Ələsgərov dəvətə görə minnətdarlıq etdi və vaxt tapıb səfəri reallaşdıracağını bildirdi.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.