Səfir: Transxəzər beynəlxalq nəqliyyat dəhlizi təsirli nəticələr göstərir
Pekin, 15 mart, AZƏRTAC
“Kəmər və yol” təşəbbüsünün elementi olan Transxəzər beynəlxalq nəqliyyat dəhlizi təsirli nəticələr göstərir. Ukrayna böhranı və Qırmızı dənizdəki gərginliyin artması kontekstində bu dəhliz üzrə yük daşımalarında kəskin artım yaşanır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Çinin Avropa İttifaqındakı daimi nümayəndəliyinin rəhbəri Fu Çonun nüfuzlu “China Daily” qəzetində dərc olunan ““Kəmər və yol" əməkdaşlığı: Avropa üçün riskləri azaltmaq yolunda ağlabatan seçim” adlı məqaləsində yer alıb.
Dünya ticarətinin geosiyasi vəziyyətin dəyişməsinə getdikcə daha həssas olduğunu qeyd edən Çin rəsmisi, Ukrayna məsələsinin, İsrail-Fələstin münaqişəsinin, Qırmızı dənizdəki gəmiçilik böhranının qlobal tədarük zəncirlərində ciddi pozuntulara səbəb olduğunu vurğulayıb. O, böhrandan əvvəl Qırmızı dənizin Çin-Avropa dəniz ticarətində əsas keçid məntəqəsi olduğunu, Çindən Avropaya ixracın 60 faizinin məhz bu istiqamətdən reallaşdığını qeyd edərək, təhlükəsizliklə bağlı problemlərə görə hazırda Çindən Avropa istiqamətində yola çıxan yük gəmilərinin 90 faizinin Süveyş kanalından yan keçərək, Ümid burnu ətrafında dövr etməyə üstünlük verdiyini xatırladıb. Bu da öz növbəsində daşımaların ən azı 12 gün gecikməsinə, xərclərin 2 dəfədən çox artmasına səbəb olur.
Səfir Fu Çon dəniz yolu ilə yük daşımalarında yaranmış gərgin vəziyyət fonunda Çin-Avropa yük qatarlarının hər 2 istiqamət üzrə sabit, sürətli və sərfəli alternativ yaratdığını qeyd edib, bu kontekstdə Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətindən söz açıb. O, bu dəhlizin Avropaya əsas mineralların və enerjinin sabit şəkildə tədarükü üçün güclü bir təməl formalaşdırdığını vurğulayıb.
Qeyd edək ki, Çin ilə Avropa arasında dəmir yolu ilə yük daşımalarına 2011-ci ildən başlanılıb. Ötən müddətdə Çindən Avropanın və Asiyanın onlarla şəhərinə və əks istiqamətdə 85 mindən çox qatar səfər edib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Azərbaycandan keçməklə bir neçə yeni Çin-Avropa yük qatarı marşrutu istifadəyə verilib. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal xətti üzrə dəmir yolu marşrutlarında yaranmış çətinliklər logistika şirkətlərinin Orta Dəhlizə olan marağını əhəmiyyətli dərəcədə artırıb. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının sədri ötən ilin oktyabrında 3-cü “Kəmər və yol” beynəlxalq əməkdaşlıq forumunun açılış mərasimində çıxışı zamanı sözügedən strategiya üzrə nəqliyyat-logistika əməkdaşlığından danışaraq, ölkəsinin yüksək keyfiyyətli “Kəmər və yol” əməkdaşlığı üçün birgə səy göstərərək çoxşaxəli əlaqə şəbəkəsi quracağını bildirmişdi. Çin lideri bu istiqamətdə ölkəsinin Transxəzər beynəlxalq nəqliyyat dəhlizində iştirakını artıracağını açıqlamışdı.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin