ŞƏHİD İBRAHİM HÜSEYNOV ADINA MƏKTƏB MÜASİR TİPLİ TƏHSİL OCAĞIDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Xanlar şəhərində şəhid İbrahim Hüseynov adına 1 nömrəli orta məktəbdə olmuşdur.
1965-ci ildə tikilmiş və qəza vəziyyətində olduğuna görə sökülərək, Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa edilmiş 3 mərtəbəli məktəb binası 800 şagird yerlikdir. 2007-ci ilin sentyabrında istifadəyə verilmiş məktəbdə 40 sinif otağı, kitabxana, kompyuter otağı, yeməkxana, laboratoriya, idman salonu, mərkəzləşdirilmiş istilik sistemi var. 670 şagirdin təhsil aldığı məktəbdə 100 nəfər müəllim çalışır. Keçən il məktəbi bitirən 34 şagirddən 11-i ali məktəblərə daxil olmuşdur.
Prezident İlham Əliyev kitabxana, kompyuter otağı və idman salonu ilə tanış oldu. Bildirildi ki, kitabxanada 17 min kitab, o cümlədən 6 min nüsxə dərslik və vəsait var.
Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraiti yüksək qiymətləndirdi, ölkəmizdə təhsilə böyük diqqət və qayğı göstərildiyini, gələcəkdə bütün bölgələrdə belə müasir orta təhsil müəssisələrinin tikintisinin davam etdiriləcəyini bildirdi.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




