Şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq
Strasburq, 21 yanvar, AZƏRTAC
Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyində Qanlı Yanvar faciəsi qurbanlarının anım mərasimi təşkil olunub. Tədbir iştirakçıları 20 Yanvar qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan icmasının üzvlərinin iştirakı ilə keçirilən tədbirdə Avropa Şurası yanında daimi nümayəndə, səfir Fəxrəddin İsmayılov, Azərbaycan Respublikası Milli Məclisinin Strasburqda səfərdə olan üzvləri Kamal Cəfərov və Tural Gəncəliyev çıxış edərək, xalqımızın qan yaddaşına həkk olunmuş 20 Yanvar hadisələrindən danışıblar.
Daimi nümayəndə F.İsmayılov 1990-cı ilin 20 Yanvar hadisələrinə toxunaraq, bu qətliamın Azərbaycanın müasir tarixinin ən faciəli səhifələrindən biri olduğunu, eləcə də xalqımız üçün qəhrəmanlıq nümunəsi təşkil etdiyini bildirib. O, Ulu Öndər Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Sovet İttifaqı rəhbərliyini qınayan cəsarətli bəyanatla çıxış etdiyini diqqətə çatdırıb.
F.İsmayılov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Qarabağ Zəfərinin Qanlı Yanvar qəhrəmanlarının ruhunu şad etdiyini söyləyib və şəhidlərimizin xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını bildirib.
Milli Məclisin deputatı K.Cəfərov 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsindəki yerinə diqqət çəkib, bu hadisələrə ilk dəfə dövlət səviyyəsində siyasi və hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən 1994-cü ildə verildiyini xatırladıb. O, azərbaycançılıq ideologiyasının ölkəmizin davamlı inkişafı üçün vacib amil olduğunu vurğulayıb.
Deputat T.Gəncəliyev 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında dərin iz buraxdığını qeyd edib və həmin hadisələrlə bağlı xatirələrini bölüşüb. Qarabağdan bu hadisələri gərginliklə izlədiklərini, o zaman informasiya blokadası şəraitində Şuşa televiziyasının verilişlərinin əhaliyə məlumatlar çatdırılmasında önəmli rol oynadığını bildirib. O, 20 Yanvar hadisələrinin xalqımız tərəfindən heç vaxt unudulmayacağını söyləyib.
Anım tədbirində Qanlı Yanvar hadisələrinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq