Səhiyyə Nazirliyinin nümayəndə heyəti Kubanın tibb və əczaçılıq müəssisələrinin fəaliyyəti ilə tanış olub
Bakı, 18 noyabr, AZƏRTAC
Kubada səfərdə olan Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev bu ölkənin tibb və əczaçılıq müəssisələrində olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurumun nümayəndə heyəti ilk olaraq Kuba səhiyyə sisteminin aparıcı müəssisəsi olan “Hermanos Ameijeiras” xəstəxanasının fəaliyyəti ilə tanış olub. Görüş zamanı xəstəxananın 40 ildən artıq müddətdə əhaliyə yüksəkkeyfiyyətli tibbi yardım göstərdiyinə dair məlumat verilib. Tibb müəssisəsi, həmçinin həkimlər və orta tibb işçiləri üçün klinik baza rolunu oynayır. Xəstəxana digər elmi institutlarla əlaqəli şəkildə klinik sınaqlar və tədqiqatlar aparır.
Kuba Respublikasının ilkin səhiyyə sistemi ilə tanışlıq məqsədilə “Cosme Ordonez Carceller” tədris poliklinikasına səfər edilib. Poliklinikada göstərilən tibbi xidmətlər, aparılan tədqiqat işləri və yerli icmalarda epidemioloji nəzarətin təşkilinə dair məlumatlar paylaşılıb. Daha sonra Dərman Vasitələri və Tibbi Avadanlıqlar üzrə Tənzimləyici Orqanda keçirilən görüşdə dərman vasitələri, tibbi avadanlıqların qeydiyyatı, kliniki sınaqlar, farmanəzarət tədbirləri barədə məlumat verilib.
“BioCubaFarma” biotexnologiya şirkətində istehsal olunan innovativ dərman vasitələrinə və onların müxtəlif ölkələrdə qeydiyyatı və istifadəsinə dair ətraflı təqdimat edilib.
Səfərin sonunda Havana Tibb Elmləri Universitetində keçirilən görüşdə tibb təhsili sisteminin təşkili, akademik heyət və tələbə mübadiləsi, tibb təhsili müəssisələri arasında əməkdaşlığa dair müzakirələr aparılıb.