Şəki şəhər 4 nömrəli tam orta məktəb yeni ünvanda fəaliyyət göstərəcək
Şəki, 25 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhər 4 nömrəli tam orta məktəb növbəti tədris ilindən etibarən yeni ünvanda fəaliyyət göstərəcək. Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Yeni Abituriyent Təhsil Mərkəzi arasında qarşılıqlı razılaşmaya əsasən, bu təhsil ocağı şəhərin Zərifə Əliyeva küçəsində, qarışıq tipli uşaq evinin yaxınlığındakı binada fəaliyyətini davam etdirəcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəbin yeni binaya köçürülməsinin əsas səbəbi hazırkı fəaliyyət ünvanında şagird sıxlığının az olması (cari tədris ilində bu təhsil müəssisəsində 7 sinif komplektində cəmi 60 şagird təhsil alıb), təhsil müəssisəsinin inzibati binasının təmirə ehtiyacı olmasıdır. Həmçinin Şəki şəhərinin cənub istiqamətində yeni məskunlaşmış vətəndaşlar üçün təhsilin əlçatanlığını daha yaxşı səviyyədə təşkil etməkdir.