Şəkidə gənc alimlərin “İnnovativ ideya düşərgəsi” keçirilir
Bakı, 28 iyun, AZƏRTAC
Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində gənc alimlərin “İnnovativ ideya düşərgəsi” start götürüb.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək, düşərgənin əhəmiyyətindən, gənc alimlərin asudə vaxtlarının səmərəli təşkil olunmasından danışıb. O, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə layihəsinin gənc alimlərin inkişafına təkan verəcəyini qeyd edib.
Daha sonra Şəki Gənclər və İdman İdarəsinin rəisi Ariz Əhmədov çıxış edərək “İnnovativ ideya düşərgəsi”nin açılışı münasibətilə gənc elm adamlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxışında bu cür tədbirlərin əhəmiyyətindən danışıb. O, Gənclər və İdman Nazirliyi ilə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının gənclər üçün təşkil etdiyi yay düşərgələrinin mütəmadi hal aldığını, ötən il də respublikanın müxtəlif bölgələrində 3 fərqli istiqamətli düşərgələrin keçirildiyini qeyd edib.
Daha sonra AMEA-nın Gəncə Bölməsinin, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun, Coğrafiya İnstitutunun, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Bakı Dövlət Universitetinin gənc alimləri çıxış edərək, düşərgənin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Düşərgə iyulun 1-nə qədər davam edəcək. Düşərgə çərçivəsində müxtəlif treninqlərin, diskussiyaların, idman və intellektual yarışların keçirilməsi nəzərdə tutulur.
Akademik İsa Həbibbəyli AMEA-nın Şəki Regional Elmi Mərkəzini də ziyarət edib, qurumun iş şəraiti və elmi fəaliyyəti ilə tanış olub.