Şəkidə “Tullantılardan incəsənətə” adlı müsabiqənin qalibləri müəyyənləşib
Şəki, 14 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin dəstəyi və Şəki regional “ASAN xidmət” mərkəzinin təşkilatçılığı ilə keçirilən “Tullantıdan incəsənətə” adlı müsabiqəyə yekun vurulub. Müsabiqədə Şəki rayonunun ümumi təhsil məktəbləri, universitet filialı və kolleclər də daxil olmaqla, ümumilikdə, 25 təhsil müəssisəsi iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib.
Müsabiqənin yekunu ilə əlaqədar təşkil olunan sərgidə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Günay Mahmudova, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, rayon gənclər və idman sektorunun baş məsləhətçisi Səbahət Bağırova, regional “ASAN xidmət” mərkəzinin rəhbər şəxsləri iştirak ediblər.
Qeyd olunub ki, müsabiqənin keçirilməsində məqsəd ekoloji maarifləndirilmə sahəsində məktəblilərin bilik və bacarıqlarını artırmaq, yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, ətraf mühitin qorunması və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etməkdən ibarətdir.
Sərgidə iştirakçılar tərəfindən kağız, plastik kütlə, rezin məmulatı və müxtəlif məişət tullantılarından istifadə olunmaqla, hazırlanmış incəsənət nümunələri nümayiş etdirilib.
Münsiflər heyətinin qərarına əsasən, Şəki şəhər 21 nömrəli tam orta məktəb birinci, Rasim Ocaqov adına şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi ikinci, Şorsu kənd tam orta məktəb isə üçüncü yerə layiq görülüblər.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıblar.