Şəkidə Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Şəki, 26 fevral (AZƏRTAC). Xocalı qətliamı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində azərbaycanlılara qarşı törətdiyi soyqırımı ən dəhşətli cinayətdir.
Bu fikir Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar fevralın 26-da Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən anma mərasimində səsləndirilmişdir.
Şəhər İcra hakimiyyətinin başçısı Murad Cabbarlının məruzəsində faciənin başvermə səbəbləri, mahiyyəti, acı nəticələri, erməni cəlladlarının vəhşilikləri bir daha xatırlanmış, Xocalı müdafiəçilərinin qəhrəmanlığından bəhs edilmişdir.
Məruzəçi bildirmişdir ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Son 19 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif beynəlxalq təşkilatlarda gündəmə gətirilmiş, bir çox internet saytı yaradılmışdır.
Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Əliyev, Xocalıdan olan məcburi köçkünlər Eldəniz Məhərrəmov, Möhübbət Əliyev çıxış edərək işğal altındqa olan torpaqlarımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tezliklə azad olunacağına əminliklərini bildirmişlər.
Həmin gün rayonda məskunlaşmış 100-ə yaxın Xocalı ailəsinə şəhər İcra hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.