Sergey Markov: Rusiyada 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəlbində sağalmayan yara olduğunu bilirlər
Moskva, 21 yanvar, AZƏRTAC
Rusiyada 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəlbində sağalmayan yara olduğunu bilirlər.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib. O qeyd edib ki, 20 Yanvar faciəsinin səbəblərindən biri məhz sovet siyasi rəhbərliyinin dəhşətli səhvləri olub: “Sovet rəhbərliyi nəhəng ölkənin idarə edilməsini əldən verirdi, güzəştlər və qəddar idarəetmə metodları arasında çabalayırdı. Erməni millətçiliyi təşviq olunurdu, Qarabağın işğal edilməsinə yönəlmiş hərəkətlər dəstəklənirdi. Bu da 20 Yanvar faciəsinə gətirib çıxardı”.
“Hazırda dövlətlərimizi gözəl münasibətləri olan, xalqların maraqları və hüquqlarına hörmət əsasında həmişə düzgün həll yolları tapan, dostluğumuzu möhkəmləndirən İlham Əliyev və Vladimir Putin kimi dahi siyasi xadimlər idarə edir. Rusiya və Azərbaycan xalqları qardaş xalqlardır. Azərbaycanın Rusiyada çoxlu dostları var, onlar həm 20 Yanvar faciəsinin ağrısını, həm də Qarabağ müharibəsində Qələbə sevincini bölüşürlər. Hazırda bizim vəzifəmiz keçmişimizə arxalanaraq, gələcək münasibətləri qurmaqdır. Mən əminəm ki, Rusiya və Azərbaycanı gələcəkdə də dostluq və gələcək qarşılıqlı faydalı əməkdaşlıq bağları birləşdirəcək”, - deyə S.Markov vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva