SERJ SARKİSYAN ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN NİZAMLANMASI PERSPEKTİVLƏRİ BARƏDƏ NİKBİNDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ermənistanın baş naziri Serj Sarkisyanın fikrincə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə dair danışıqlar prosesi səmərəli davam edir və bu münaqişəni dinc yolla həll etməyə imkan var. S.Sarkisyan bu fikri ölkənin baş naziri kimi Moskvaya ilk rəsmi səfəri zamanı İTAR-TASS-da keçirilən mətbuat konfransında bəyan etmişdir. Ermənistan hökumətinin başçısı onu da demişdir ki, Dağlıq Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınmasının vaxtı yetişməyib və danışıqlar prosesinin imkanları hələ tükənməyibdir. S.Sarkisyan bildirmişdir ki, status-kvo, yəni “nə sülh, nə müharibə” vəziyyəti Ermənistanı qane etmir. Bu məsələni gec-tez həll etmək lazım gələcək və Ermənistan özünün bütün qonşuları ilə yaxşı münasibətlər yaratmaqda maraqlıdır.
Serj Sarkisyan AZƏRTAC-ın müxbirinin “Ermənistanın gedə biləcəyi kompromisin son həddi nədən ibarətdir və Azərbaycandan nə gözlənilir?” - sualının cavabında bildirmişdir ki, əgər bu cür suallara səmimi cavablar verilsəydi, bəlkə də danışıqlar prosesi lazım gəlməzdi. Ermənistan hökumətinin başçısı demişdir: “Təbii ki, Azərbaycan tərəfi kimi biz də çalışırıq ki, daha az güzəştə gedək. Lakin burada iki mühüm prinsip var: ərazi bütövlüyü prinsipi və xalqın öz müqəddəratını təyin etməsi prinsipi. Mənim fikrimcə, biz - dövlətin ərazi bütövlüyü prinsipini tanımalıyıq, Azərbaycan isə millətin öz müqəddəratını təyin etmək hüququnu tanımalıdır. Əgər biz buna nail olsaq, onda hansı həddə qədər kompromisə getməli olduğumuzu izah etməyimizə ehtiyac qalmayacaq və mən əminəm ki, biz buna nail olacağıq. Ona görə ki, sağlam düşüncə, beynəlxalq praktika bunu tələb edir və son ayların hadisələri bunu təsdiqləyir”.
S.Sarkisyan Azərbaycanın təklif etdiyi geniş muxtariyyət statusunun məhz belə bir kompromis ola biləcəyi məsələsini şərh edərək bildirmişdir ki, 1988-ci ildə mövcud olandan daha geniş muxtariyyət ola bilməz və Azərbaycanda bunu başa düşürlər. O demişdir: “Mənim fikrimcə, bu, məsələnin həlli deyildir”.
Serj Sarkisyan Rusiya KİV nümayəndələrinin Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınması barədə suallarına cavabında demişdir ki, indi bunun vaxtı deyil, lakin bu da istisna edilmir, “bəlkə də, buna heç ehtiyac olmayacaq. Mənim fikrimcə, bu, elə bir radikal addımdır ki, onun nəticələrini indi təsəvvür etmək çətindir, buna görə də bizim hansı halda bu cür hərəkət edəcəyimizi deməyə çətinlik çəkirəm”.
Ermənistan hökumətinin başçısı tərəflərin danışıqları imitasiya etmələri və bu imitasiyanın status-kvonu saxlamaq üçün Ermənistana sərfəli olması məsələsinə münasibət bildirərək demişdir ki, danışıqların perspektivi var və onların imkanları hələ tükənməmişdir. Tərəflər danışıqlar prosesinin bütün incəliklərini açıqlaya bilməzlər, çünki bu məsələni güclü şəkildə pozmağa cəhd göstərən adamlar çox tapılar. S.Sarkisyan demişdir: “Lakin mən nikbinəm və belə hesab edirəm ki, məsələnin başlanğıcı yaxşıdır. Hər halda, mən dəqiq başa düşürəm ki, biz də, azərbaycanlılar da həmişə yanaşı yaşamağa məhkumuq. Nə biz harayasa qaçacağıq, nə də onlar. Bu məsələnin həlli həm bizim xeyrimizə olar, həm də azərbaycanlıların. Məsələ yalnız kompromis yolu ilə və yalnız o halda həll edilə bilər ki, tərəflərin hər ikisi bir-birinin problemlərini başa düşsünlər”.