ŞƏRQLƏ QƏRBİN QOVŞAĞINDA YERLƏŞƏN AZƏRBAYCAN SİVİLİZASİYALARARASI DİALOQA BÖYÜK TÖHFƏLƏR VERİR
BAKIDA “SİVİLİZASİYALARIN DİALOQU: SİYASİ PARTİYALARIN ROLU” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, ulu öndərin abidəsi önünə gül dəstələri qoymuşlar. 
Dünyanın 30-a yaxın ölkəsindən, o cümlədən ABŞ, Türkiyə, Rusiya, Almaniya, Yaponiya, Kanada, Fransa, Böyük Britaniya, İran, Çin, Hindistan, Misir və Pakistandan parlamentlərin, siyasi partiyaların yüksək vəzifəli nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin, alimlərin və mütəxəssislərin, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun, parlament sədrinin müavinləri Bahar Muradova və Valeh Ələsgərovun, deputatların, ölkəmizdəki diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri konfransı YAP sədrinin müavini, partiyanın icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov açmışdır.
Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan
Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxumuşdur.
Sonra çıxış edən YAP sədrinin müavini Əli Əhmədov bildirmişdir ki, konfransı keçirməkdən məqsəd siyasi partiyaların diqqətini sivilizasiyalar arasında qarşıdurmalara, onların yaratdığı fəsadlara yönəltmək, yaranmış gərgin vəziyyətdən çıxış yollarını araşdırmaqdır. Sivilizasiyalar arasında gərginlik və qarşıdurma artıq XXI əsrin real təhlükəsi kimi özünü göstərməkdədir. Ona görə də insanlar sivilizasiyaların dialoqu haqqında danışırlar.
Konfransda siyasi partiyaları bu problemin həm müzakirə edilməsinə, həm də həllinə öz töhfələrini verməyə çağırmaq imkanı yaranacaqdır. Belə bir konfransın keçirilməsi dövrümüzün çağırışına siyasi partiyaların daha yaxından və əhəmiyyətli münasibət bildirməsini təmin edə biləcəkdir. Əvvəla, siyasi partiyalar öz ölkələrində hökumətləri formalaşdırır və onların dialoq səyləri hökumətin siyasətində müvafiq xəttin özünə yer tutmasını təmin edə bilər. İkincisi, siyasi partiyalar ölkədə ictimai rəyin və ovqatın formalaşmasında əsas vasitədir. Buna görə də onların sivilizasiyalararası dialoq mühitinin formalaşmasında müstəsna rol oynamaq imkanları vardır. Üçüncüsü isə, ayrı-ayrı ölkələri təmsil edən siyasi partiyalar öz nümunələri ilə sivilizasiyallar arasında dialoq mühitinin yeni, həm də çox etibarlı modelini yarada bilərlər.
Ə.Əhmədov vurğulamışdır ki, sivilizasiyalar arasında dialoq mühitinin inkişaf etdirilməsi barədə niyyətimiz qəbul edəcəyimiz Bakı Bəyannaməsində də öz əksini tapacaqdır. Əgər bundan sonra digər bir partiyanın təşkilatçılığı ilə oxşar konfrans keçirilərsə, artıq bu, partiyalararası əməkdaşlığın yeni formatının yarandığını göstərəcəkdir.
İclasın birinci sessiyasına başçılıq edən Latviya Seymi sədrinin müavini xanım Karina Petersone demişdir ki, demokratik inkişaf yolunu tutmuş Azərbaycanın belə bir beynəlxalq konfrans təşkil etməsi təqdirəlayiqdir. Azərbaycan sivilizasiyalar arasında, Qərblə Şərq arasında körpü rolunu oynayan bir ölkədir. Buna görə də belə konfransın Azərbaycanda keçirilməsinin əhəmiyyəti böyükdür. Keçid dövrünü yaşayan ölkələrdə bu prosesin daha az məşəqqətli, daha səmərəli olması üçün əlimizdə olan ən yaxşı təcrübələri bölüşməliyik. Biz uğurlarımızı, eləcə də uğursuzluqlarımızı, problemlərimizi birgə müzakirə etməliyik ki, gələcəkdə digərlərinin bu səhvlərə yol vermələrinin qarşısını almış olaq.
Sessiyada müzakirə olunan məsələlərə nəzər salsaq görərik ki, xalqlarımız bir həqiqəti öyrənmişlər: bu, ölkənin tam inkişafına gətirib çıxara biləcək sülh və sabitlikdir. Həmin dəyərlərin əhəmiyyəti zaman keçdikcə daha da artır. Çoxlu partiya liderləri hələ kifayət qədər bu dəyərlərə diqqət yetirmirlər.
Xanım K.Petersone bildirmişdir ki, digər bir amil müxtəliflikdir. İstər insan müxtəlifliyi olsun, istər siyasi, istərsə də təbii müxtəliflik olsun - bunların çox böyük əhəmiyyəti vardır. Bu sahədə bizim hörmətə, müdrikliyə ehtiyacımız vardır. Müxtəlifliyə bir mənbə kimi hörmət edilməlidir. Bir xalq kimi özünü təcrid etmək yaxşı hal deyildir. Məsələn, əgər eyniləşdirmə aparsaq deyə bilərik ki, biz etnik baxımdan latviyalıyıq, region baxımından baltikyanılıyıq, qlobal mənada avropalıyıq. Lakin biz daha sonra başa düşmüşük ki, bunlar bir-biri ilə ziddiyyət təşkil etmir. Əksinə, bir-birini tamamlayır və bizi dünyaya daha açıq olmağa sövq edir.
Latviya nümayəndəsi daha sonra demişdir ki, bu baxımdan siyasi partiyalar da demokratiyanın çox vacib aləti, onun təminatıdır. Siyasi partiya o vaxt demokratiyanın təşviqatçısı ola bilər ki, onun daxilində demokratik mühit bərqərar edilsin. Siyasi islahatlar başlayandan sonra yeni siyasi nəslin yaranması və ona yeni dəyərlərin ötürülməsi baş vermişdir. Şərqi Avropa ölkələrində, eləcə də digər dövlətlərdə də belə olmuşdur.
Xanım K.Petersone ümidvar olduğunu vurğulamışdır ki, Bakı konfransı sivilizasiyalararası dialoqa böyük töhfə verəcək və ölkələrimiz arasındakı əlaqələri bu dialoq üzərində qurmağımıza imkan yaradacaqdır.
“Sivilizasiyaların dialoqu” beynəlxalq forumunun üzvü Camal Uşak (Türkiyə) “Müxtəliflik bəşəriyyətin üstünlüyü və gözəlliyidir” mövzusunda məruzəsində demişdir ki, bu toplantının iki əsas mövzusu var: mədəniyyətlərin dialoqu və siyasi partiyaların rolu. Heç şübhəsiz həm tarixən, həm də bu gün beynəlxalq münasibətlərdə əsas rolu siyasət və siyasətçilər oynayır. Müharibəyə də, sülhə də onlar qərar verirlər. Lakin bunu müəyyən etmək üçün, ilk növbədə, “başqasına” ehtiyac var. “Başqası”nın səndən fərqliliyi və ya sənə bənzərliyi və bu fərqlilik və bənzərlikdəki dərinliklər sülhün və müharibənin səbəblərini meydana gətirir.
“Başqa” kimi görünən haqqında “Biz, əslində, iki dövlət, bir millətik, aramızdakı fərq hətta “şorbanın duzu qədər də deyil” - desəniz, belə yanaşma daimi dostluğun təminatı olur. Digər “başqa” haqqında “Biz tarix boyu onlarla münaqişə vəziyyətindəyik, inanclarımız da, adət-ənənələrimiz də fərqlidir və bir-birinə ziddir” - desəniz, belə yanaşma münaqişəyə səbəb olur.
Məlum olduğu kimi, çox geniş mənada dialoq iki fərqli şəxs, qrup və ya dəstə arasında bir-birini tanıma və tanış olmaq məqsədi güdən münasibəti ifadə edir. Bu münasibətdə tərəflər arasında üç əsas istiqamətin müəyyənləşdirilməsi məqsədi güdülür: fərqliliklər, bənzərliklər və ortaqlıqlar (müştərək xüsusiyyətlər).
C.Uşak bildirmişdir ki, yüz illər boyu bəzi siyasi, dini və ya ictimai liderlərin dini sekta və millətlər arasındkı fərqlilikləri şişirdərək, toqquşma və müharibə səbəbinə çevirməsi və bunların da bəşər tarixinə qanlı səhifələr yazılmasına səbəb olduğunu nəzərə alsaq, dialoqda ortaqlıqların təsbit edilməsinə və vurğulanmasına prioritet yanaşma millətlər arasında sülhün gerçəkləşməsi baxımından taleyüklü əhəmiyyət daşıyır.
Kütləvi informasiya vasitələrindəki yüksək inkişafın yer kürəsini “qlobal kənd”ə çevirdiyi dünyamızda “başqası”nı daha yaxından tanımaq və ilk növbədə ortaq cəhətləri kəşf etmək artıq zərurətə çevrilmişdir.
Bu gün yer kürəsi əhalisinin təxminən yarısını üç səmavi dinin daşıyıcıları təşkil edirlər. Tarixdəki acı təcrübələrə baxmayaraq müsəlmanlar, xaçpərəstlər və yəhudilər arasındakı ortaq xüsusiyyətlər kifayət qədər çoxdur. İlk növbədə, inanc və əxlaqi prinsiplərdəki ortaq cəhətlər diqqəti cəlb edir. Həzrəti Musaya enən “On əmr” ilə həzrəti İsanın “Dağdakı vəaz”ı və həzrəti Məhəmmədin “Vida xütbəsi”nin məzmunu demək olar ki, eynidir. Çünki inanca görə hamısının mənbəyi eynidir. Asiya inancları (buddizm, hinduizm, caynizm və s.) ilə səmavi dinlərdəki əxlaqi davranış prinsipləri arasında da xeyli paralellər var.
Bizi fərqli edən və fərqli qalmağımıza fürsət verən müxtəliflikdir. Bu müxtəliflik gözəldir. Bütün insanların dilləri və rəngləri eyni olsaydı, ətrafımızda gördüyümüz təbiət rəngləri ancaq yaşıl olsaydı, həyat nə qədər darıxdırıcı olardı. Mənim əslən mənsub olduğum Türkiyənin Qara dəniz bölgəsində insanlar arasındakı münasibətlərdə belə bir zarafat var: “Anamız eyni Günəşin altında çamaşır qurudur”. Madam ki, belədir, deməli, bu Günəşin altında sülh və əmin-amanlıq içində yaşamağın yollarını daha böyük əzmlə axtarmalıyıq. Ətrafını düşmən və əcnəbi görən insan əsla əmin-amanlıq içərisində ola bilməz.
Avstriyanın Beynəlxalq İnkişaf Təşkilatının prezidenti Hans Koçler bildirmişdir ki, yeni eranın əsas xüsusiyyətlərindən biri qütblər arasında soyuq müharibə başa çatdıqdan sonra yaranmışdır. Şərqlə Qərb arasında ideoloji barışmaz ziddiyyətlər əvvəllər də var idi. İndi sadəcə olaraq bir sistem digərini əvəz etmişdir. Ona görə də əsasən nədən narahat olmağımız barədə fikirləşməliyik. Yeni təklif bir xüsusi aspektdən ibarətdir. Bu gün dünyanın bir icma, ictimaiyyət və din kimi mövcud olması ilə bağlı fikirlər vardır. Dünyanın bu cür metofiziki nöqteyi-nəzərdən qavranması sivilizasiyalar arasında təzadların və qarşıdurmaların yaranmasına səbəb olmuşdur. Siyasi ideologiyalar arasında təzadlar aradan qalxsa da, sivilizasiyaların dialoqu bir problem kimi qarşıya çıxmışdır. Bu nöqteyi-nəzər metofizik yanaşmanı tələb edir.
Bu gün dünya siyasi terminologiyasında bundan tez-tez istifadə olunur. Məsələn, zora əl atma, şərlə qarşılaşma və sair. Digər tərəfdən, siyasi terminologiyada bunları tam şəkildə inkar edən məqamlar vardır. Bu da dialoqa heç bir yer qoymur. Ona görə də, XXI əsrin əvvəllərində sivilizasiya düşmən steriotipi alətinə çevrilmişdir. Yəni müəyyən motivlər səbəbindən bu baş vermişdir. Bu, motivlərdən biri qlobal təsirin qorunub saxlanmasıdır. Qlobal təsirin qorunub saxlanmasını hegemonluq adlandırmaq olar. Bu tamamilə yeni konsepsiyadır və burada bizim heç bir güc tarazlığımız yoxdur.
Digəri isə güc tətbiq olunmasının əsaslandırılması və ona bəraət qazandırılması ilə əlaqədardır. Yəni BMT-nin xartiyasının təsirindən kənar olaraq güc tətbiq olunmasının əsaslandırılmasıdır. Bu, sivilizasiya nöqteyi- nəzərindən əsaslandırılan motivlərin arxasında gizlənir. Yəni sivilizasiyaların müdafiə olunması üçün bəyan edilir. Amma sivilizasiyalar, sivilizasiyaların mahiyyəti burada daha çox siyasi və iqtisadi məqsədlərlə bağlıdır.
Bu gün narahatlıq doğuran ən əsas amillərdən biri qarşıdurma amilidir. Bu amil hələ 20 il bundan əvvəl də mövcud idi. Həmin münaqişə bu gün bizim qarşımızda iki əsas amili şərtləndirir.
Əvvəla, antoqonizmin artmasıdır. Qərblə müsəlman dünyası arasında antoqonizmin artmasıdır. Bu meyillər sadəcə olaraq Qərbdə və ya Orta Şərqdə qızğın debatlarda ifadə olunmamışdır. Eyni zamanda, bu antoqonizm hərbi əməliyyatlar vasitəsilə ifadə olunmuşdur. Artıq Orta Asiyada və Yaxın Şərqdə hərbi əməliyyatlar nəzarətdən çıxmaq həddinə çatmışdır. Yaxın Şərqdə sabitliyin nəzarətdən çıxması bütün dünya üçün təhlükə mənbəyidir.
Digər bir problem isə ayrı-ayrı ölkələrin daxilində baş verən milli məsələlərdir. Biz görürük ki, ayrılmalar sivilizasiya ictimaiyyətləri arasında dövlətlər səviyyəsində baş verir. Bu, Avropada daha qabarıq müşahidə olunur. Avropanın çoxmillətli cəmiyyətləri üçün hazırda çox ciddi təhlükələr mövcuddur. Çünki siyasi sistemlərin uzunmüddətli qeyri- sabitliyi təhlükəsi vardır. Xüsusilə Avropa İttifaqı ölkələrində bu daha qabarıq müşahidə olunur. Çünki bu sivilizasiya antoqonizmi bütün sahələrdə, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə getdikcə daha çox görünməyə başlayır. Apardığım təhlillərə görə, bunlar bir-biri ilə əlaqədardır. Onları müştərək şəkildə bir-birini gücləndirən münaqişə meyilləri kimi səciyyələndirmək mümkündür. Münaqişələrin müxtəlif regonlarda və səviyyələrdə qızışdırılması və gərginləşdirilməsi sivilizasiyalar arasında ziddiyyətin əsas elementlərindən biridir.
Digər tərəfdən də dini məzhəblərə görə problem yaşanır. Biz bu gün bu problemlərin səbəblərini axtarırıq, həlli yollarını tapmaq istəyirik. Bunun üçün müzakirələr aparırıq. Bu baxımdan mən Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən bu konfransı alqışlayıram. Çünki, bu cür tədbirlər, konfranslar bizi daha da yaxınlaşdırır. Ona görə də sizə bir daha minnətdarlığımı bildirir və ümid edirəm ki, bu cür tədbirlər davamlı olacaqdır.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq təbliğat idarəsi direktorunun müavini Vanq Qoçin demişdir ki, bu konfrans müxtəlif ölkələrin siyasi partiyaları üçün siyasi fikir mübadiləsi və siyasi konsensus axtarışı baxımından mühüm bir imkandır. Sivilizasiyaların müxtəlifliyi insan cəmiyyətinin əsas səciyyəsi olmaqla yanaşı, həm də onun inkişafında aparıcı qüvvədir. Bu gün dünyada iqtisadi qloballaşmanın sürətlənməsi, elm və texnologiyanın inkişafı, ölkələr və regionlar arasında əlaqələrin sıxlaşdığı bir zamanda sülh və inkişaf ən aktual mövzudur. Biz inanırıq ki, bu dialoq müxtəlif mədəniyyətə malik olan xalqlar arasında anlaşmanı yaxşılaşdıracaqdır.
Hazırda ölkələrin sosial və siyasi həyatında siyasi partiyaların status və funksiyaları artır və onlar xalqlar arasında dostluq əlaqələrinin genişlənməsində özünəməxsus yer tuturlar. Sivilizasiyaların dialoqunda da siyasi partiyaların oynaya biləcəyi əsas rol vardır.
Birincisi, siyasi partiyalar ölkənin sosial və siyasi həyatında dominant qüvvələr, bütün ölkələrdə və regionlarda müxtəlif sivilizasiyaları və sosial meyilli fikirləri irəliyə aparan əsas vasitədir. Onların müxtəlif mədəniyyətlər arasında mübadiləyə kömək etmək üçün məsuliyyəti və bacarığı vardır.
İkincisi, müxtəlif ideologiyalara malik həmin siyasi partiyalar ümumi maraqların əsas məsələlərinin fikir mübadiləsini edir.
Üçüncüsü, partiyanın diplomatiyası kifayət qədər zəngin və formaca tez razılaşandır. Sivilizasiyada partiyalararası dialoqun gücləndirilməsi bütün ölkələrə dünyanın digər cəmiyyətlərinin böyük nailiyyətlərini öyrənərək, öz sivilizasiyalarını zənginləşdirməyə və inkişaf etdirməyə kömək edir.
Dördüncüsü isə, artmaqda olan bütün növ siyasi partiyaların beynəlxalq təşkilatları təkcə müxtəlif ölkələrin partiyaları və siyasətçiləri arasında körpü deyil, həm də dünya sivilizasiyalarının bir-biri ilə əlaqəsi üçün platformadır. Biz inanırıq ki, siyasi partiyalar ideoloji müxtəliflik hüdudlarını aşarkən və sivilizasiyalararası mübadiləyə gedən qaydaları birgə öyrənərkən müxtəlif sivilizasiyaların birgə yaşaya və inkişaf edə biləcəyi ahəngdar dünya qurulmasına kömək edə biləcəkdir.
Bu məqsədlə biz siyasi partiyalara sivilizasiyalar arasında dialoqu inkişaf etdirməyi, müxtəlif mədəniyyətlərdə konsensusu genişləndirməyi, sivilizasiyaları birlikdə cavanlaşdırmağı təklif edirik.
Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Valeri Matveyev məruzəsində vurğulamışdır ki, konfransın mövzusu hər bir ölkənin siyasi həyatı, dövlətlərimizin gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edir, çünki dünya daha heç vaxt keçən əsrdə olduğu və ya göründüyü kimi olmayacaqdır. Yeni dəyərlər, yeni idarəetmə prinsipləri, təşkilati sxemlər vərdiş etdiyimiz hakimiyyət kodlarını alt-üst edir, əvvəlki təsisatlar puç olur.
Bəs bu proseslərdə siyasi partiyaların rolu nədən ibarətdir, partiyaların siyasət meydanında fəal oyunçulara çevrilməsi prosesi nə dərəcədə səmərəli və proqnozlaşdırıla biləndir? Bu suala cavab verməzdən əvvəl müasir Rusiyanın vəziyyətini qısaca xarakterizə etmək istərdim. On il davam etmiş gərgin, bəzən çox ağrılı siyasi və sosial-iqtisadi tərəddüdlərdən sonra ölkəmiz həmrəylik, iqtisadi yüksəliş, demokratik dövlətçiliyin əsaslarının möhkəmləndrilməsi yoluna qədəm qoymuşdur. Rusiyanın daxili dəyişiklikləri uğurla başa çatdırması və dinamik inkişaf yoluna çıxması üçün real zəmin yaranmışdır. İqtisadiyyat normal parametrlər kəsb edir, onun inkişafı çox cəhətdən daxili istehlak tələbatına əsaslanır. Biz dünya iqtisadiyyatına hamılıqla qəbul edilmiş şərtlərlə inteqrasiyanı davam etdirmək niyyətindəyik və buna uyğun olaraq öz qanunvericiliyimizi də təkmilləşdirəcəyik.
Sovet İttifaqından fərqli olaraq, bu gün Rusiya açıq ölkədir. Biz istər fiziki, istərsə də siyasi sədlər yaratmaq fikrində deyilik. Biz beynəlxalq ünsiyyətdə, o cümlədən Avropa İttifaqı ilə münasibətdə süni maneələrin əleyhinəyik. Əlbəttə, biz hələ bu yolun başlanğıcındayıq və idealdan çox uzağıq. Lakin inkişaf vektoru seçilmişdir və biz bu yoldan dönməyəcəyik.
Rusiya çox ağrılı nəticələrdən sonra misilsiz dəyişikliklər yoluna çıxmış, cəmiyyətdə bu dəyişikliklərin dərinliyi və sürəti barədə konsensus əldə edilmişdir. Sülhün, daxili-siyasi sabitliyin, ifrata varmadan, təkamül yolu ilə inkişafın üstünlüyü də bundadır. Rusiyanın sosial-iqtisadi inkişafının daha yüksək səviyyəsinin təbii nəticəsi daha yetkin demokratiya, inkişaf etmiş vətəndaş cəmiyyəti və partiya sistemi olacaqdır.
Planetimizdəki yüzlərlə başqa ölkə kimi, biz də alternativ inkişaf yolu təklif edirik. Biz təkcə insanlar arasında deyil, ölkələr və sivilizasiyalar arasında, insanla cəmiyyət arasında münasibətlərin də bərabər hüquqlu və harmonik inkişaf etdirilməsinin tərəfdarıyıq. Axı, qloballaşmanın son məqsədi bütün mövcud sivilizasiyaları eyniləşdirmək deyil, onları inkişaf etdirmək, hər bir xalq üçün, hər bir sivilizasiya üçün inkişaf sahəsini qoruyub saxlamaq və genişləndirməkdir. Bu, bütövlükdə bəşəriyyətin tərəqqisinin rəhnidir.
Sivilizasiyaların dialoqunda siyasi partiyaların rolu bir çox cəhətdən onların siyasi menecment məharətinə yiyələnmə dərəcəsindən asılıdır. Məlum olduğu kimi, siyasi menecment siyasətdə idarəetmə münasibətlərinin bir növüdür və siyasi partiyanın, dövlətin və ya siyasi xadimin nüfuzunu möhkəmlətmək, kütləvi şüurda dövlət idarəsinin cəlbedici obrazını yaratmaq yolu ilə bu idarənin fəaliyyəti üçün əlverişli şərait yaratmaq, əhalinin elektoral üstünlüklərini formalaşdımaq kimi məsələləri həll etməyə imkan verir.
Lakin bu cür məsələləri ənənəvi idarəetmə metodları ilə, icrası məcburi olan qərarlar qəbul etmək, normalar, qaydalar və ya qanunlar yaratmaq, idarəedicilərin qəbul etdiyi qərarları zorla icra etdirmək yolu ilə həll etmək mümkün deyildir. Məgər vətəndaşların öz prezidentinə hörmət etməsini və onu sevməsini bir vəzifə kimi təsbit edən fərman vermək olarmı? Məgər demokratik ölkələrdə seçicilərə təzyiq göstərmək olarmı? Dünya təcrübəsi get-gedə daha inandırıcı şəkildə göstərir ki, hətta siyasi münaqişələrin həll edilməsi üçün beynəlxalq dialoq da yalnız zor işlədilməsinə əsaslana bilməz. Qarşı tərəfə təsir göstərmək üçün başqa üsullar və vasitələr lazımdır.
Siyasi menecmentin özəlliyi ondan ibarətdir ki, bu halda idarəetmə subyekti qarşıya qoyduğu məqsədə nail olmaq üçün legitim zor işlətmək hüququndan, siyasi hakimiyyətin status resurslarından istifadə etmir. O, norma yaradıcılığı ilə məşğul olmur, yeni qanunlar və hamı üçün məcburi olan digər normativ aktlar yaratmır. O, insanların çoxunun dünya görüşündə və davranışında özünün mənafelərinə və siyasi məqsədlərinə uyğun dəyişikliklər etməyə çalışır, bundan ötrü spesifik üsullardan və metodlardan istifadə edir.
Dəfələrlə deyildiyi kimi, dövlətdən fərqli olaraq partiyalar və ictimai təşkilatlar hamı üçün məcburi normalar yaratmaq və legitim zor işlətmək hüququndan məhrumdurlar. Buna görə də siyasi menecment onlar üçün kütlələrin şüuruna idarəetmə təsiri göstərməyin yeganə mümkün formasına çevrilir.
Çıxışımın sonunda bir daha qeyd etmək istərdim ki, davamlı təşkilati-siyasi sistemlər olan, siyasi menecmentin incəliklərinə yiyələnmiş siyasi partiyalar beynəlxalq dialoqda mühüm rol oynaya bilərlər.
Hörmətli həmkarlar, mən öyrəndim ki, doğum günüm 28 may - Azərbaycanda Respublika günüdür. Bundan sonra mən hər dəfə ad günümdə doğmalarım və dostlarımla yığışanda inkişaf etməkdə olan gözəl ölkə Azərbaycanın və onun əməksevər, qonaqpərvər və müdrik xalqının şərəfinə badə qaldıracağam.
Konfransda çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva demişdir ki, Şərq və Qərb sivilizasiyalarının qarşılıqlı əlaqə və təsirinin minilliklərlə tarixi vardır. Eramızdan əvvəl ikinci minillikdə qədim Şərq mədəniyyətinin yunan mədəniyyətinə təsiri inkaredilməzdir. Müxtəlif xalqların qədim eposlarında genetik əlaqələr və analoji süjet və obrazlar buna aşkar sübutdur.
Dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin yaradıcılığında hələ XII əsrdə Şərq-Qərb paradiqması öz parlaq əksini tapmışdır. Yalnız hər iki sivilizasiyanın mədəni-fəlsəfi nailiyyətlərini dərindən mənimsəmiş müəllifin qələmindən “Xəmsə” kimi möhtəşəm əsər çıxa bilərdi. Xüsusən onun “İskəndərnamə” poeması bəşər sivilizasiya tarixində mədəni sintezin ən parlaq nümunəsidir. Nizami Gəncəvinin təkcə Şərq ədəbiyyatı deyil, intibah dövrü Avropa ədəbiyyatına da təsiri məhz onun bu keyfiyyət səciyyəsindən irəli gəlir.
Bəşəriyyətin tərəqqisində hər yeni inkişaf mərhələsi Şərq və Qərb sivilizasiyaları nümunələrinin üzvi sintezi nəticəsində baş verirdi. Hətta orta əsrlər hind, Şərqi Asiya, Ön Asiya, Bizans və Qərbi Avropa mədəniyyətlərinin təmas xəttində “sərhəd mədəniyyəti” adlanan mədəniyyətlər yaranmışdır. XIX əsrin 20-ci illərində dünya ədəbiyyatlarının ən parlaq nümunələri ilə gözəl tanış olan Höte ümumdünya ədəbiyyatı konsepsiyasını irəli sürmüşdür.
Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında kommunikasiyanın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətlərində ümumi elementlərin artması ilə səciyyələnir. Bu proseslərin gedişində Amerika və bir qədər zəif də olsa, Qərbi Avropa elementlərinin üstünlük təşkil etdiyi transmilli mədəniyyətin mədəni-siyasi hegemonluğunun özünü getdikcə daha bariz şəkildə göstərdiyini sezməmək mümkün deyildir. Bu hal bəzi tədqiqatçıları mədəniyyətlərin inteqrasiyası, vahid dünya mədəniyyətinin təşəkkülü, millətlərin və xalqların qovuşaraq “superetnos” yaradacağı barədə konsepsiyalar irəli sürməyə ruhlandırırsa, digər mütəxəssisləri, əksinə, sivilizasiyaların toqquşmasından, Şərq və Qərb mədəniyyətləri arasında dialoqun qeyri-mümkünlüyündən danışmağa sövq edir. Hətta bəziləri belə hesab edirlər ki, hər bir sivilizasiyanın əsasında din durur, dini etiqad və inanclar xalqların şüurunda dərin kök salmışdır və buna görə də sivilizasiyaların dialoqu mümkün deyildir.
Hər iki konsepsiyada ifratçılığa meyil güclüdür və onlardan heç biri ilə tam razılaşmaq olmaz.
Əvvəla, hər bir mədəniyyət başqa mədəniyyətdən öz genetipinə və inkişaf məntiqinə görə fərqlənir. Bu isə o deməkdir ki, yekcins dünya mədəniyyətindən danışmağa dəyməz.
İkincisi, böyük sivilizasiyalar özlərində birləşdirdikləri millətlərin və xalqların etnik xüsusiyyətlərini tamamilə silib aradan qaldıra bilmir: etnik xüsusiyyətləri və etnik kimliyi qoruyub saxlamaq əzmi hər bir xalqın şüurunda möhkəm yer tutmuşdur.
Üçüncüsü, bu gün dünyanın müxtəlif yerlərində baş verən və çox vaxt ekstremist islam qruplaşmaları tərəfindən törədilən terror hadisələrini islam-xristian qarşıdurması kimi qələmə vermək cəhdləri yanlış yanaşmadır. Bu hadisələrin arxasında hər şeydən əvvəl geopolitik düzənin yenidən qurulmasından doğan ziddiyyətlər və konkret iqtisadi-siyasi maraqlar durur.
Taleyin hökmü ilə Azərbaycan Respublikası coğrafi məkan baxımından Şərq və Qərbin qovuşuğunda yerləşir, xalqımız isə zaman-zaman dünya mədəniyyətinə öz dəyərli töhfələrini verməklə yanaşı, hər iki sivilizasiyanın təsiri altında olmuşdur. “Qoca Şərqin qapısı” adlanan Azərbaycan min ildən çox bir müddətdə müsəlman mənəvi-mədəni arealına daxil olduqdan sonra çar Rusiyasının tərkibində yeni dəyərlər sistemi ilə tanış oldu və rus dili vasitəsi ilə mütərəqqi Avropa elmini və ictimai-siyasi fikrini mənimsədi, maarifçilik ideyalarını qavradı.
Beləliklə, Şərq və Qərb dəyərlər sisteminin Azərbaycanda qovuşması üçün əlverişli şərait yarandı. Elə o dövrdə hər iki sistemin dəyərlərini təcəssüm etdirən gözəl maarifçi ziyalılar nəsli yetişdi. Mütərəqqi Azərbaycan ziyalıları xalqın yeni dəyərlər sisteminə, sivilizasiyanın qabaqcıl nailiyyətlərinə yiyələnməsi uğrunda böyük iş apardılar. Onların davamçılarının yaradıcılığında Qərb ədəbi-fəlsəfi fikri, müxtəlif sivilizasiyaların vəhdəti problemi öz əksini tapmışdır. Bu proses bütün çətinliklərə baxmayaraq sovetlər dövründə də davam etmişdir. SSRİ-nin dağılması ilə Azərbaycan istər-istəməz tamamilə yeni bir tarixi reallığa daxil olmuşdur.
Müsəlman Şərqi Azərbaycanı öz sıralarına qəbul etdi - ölkə İslam Konfransı Təşkilatının üzvü oldu. 1992-ci ildə qəbul edilmiş “Dini etiqad azadlığı haqqında” Qanun müxtəlif müsəlman və qeyri-müsəlman məzhəb və təriqətlərinin Azərbaycanda sürətlə yayılmasına imkan yaratmışdır.
Demokratiya, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı, insan haqları, aşkarlıq və s. ilə bağlı dəyərlər haqlı olaraq cəmiyyətin inkişafı, müasirləşmənin, modernləşmənin meyarları kimi təqdim edilmişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra özündən asılı olmayaraq fərqli mədəniyyətlərin qovuşuğuna düşmüş və bu mədəniyyətlərə eyni dərəcədə açılmışdır.
Müasir insanın modernləşmə tələblərinə tam cavab verə bilməyən ənənəvi dəyərlərlə bu günün reallıqları arasında yaranmış ziddiyyət məngənəsində sıxılması bir çox müsəlman Şərqinin ölkələri kimi, Azərbaycanın da hazırkı mədəni dinamikasının səciyyəvi cəhətlərindən biridir.
Bu gün Azərbaycan dini tolerantlığın hökm sürdüyü nadir bir məkandır. Xalqımızın dinc yanaşı yaşamaq ənənəsi tarixin dərinliklərindən gəlir. Təsadüfi deyil ki, Şərqdə ilk Demokratik Respublika və ilk demokratik təsisatlar hələ arxada qoyduğumuz əsrin əvvəllərində məhz Azərbaycanda yaranmışdı. Azərbaycanda mədəni irsin gücü və daxili dinamizmi, qərbləşmə yolundakı əvvəlki uğurları onun modernləşməyə uyğunlaşmaq qabiliyyətini artırır. Ölkəmizdə həyata keçirilən modernləşmə milli mədəniyyətin, ənənələrin, tarixi təcrübənin möhkəm təməli üzərində qurulmalıdır.
Modernləşmə dövlət, cəmiyyət və şəxsiyyət arasındakı qarşılıqlı münasibətlərin yeni səviyyəyə qaldırılmasını tələb edir. Demokratik siyasi təsisatların möhkəmləndirilməsi, fikir müxtəlifliyinin və sağlam diskussiyaların genişlənməsi, demokratik seçkilərin keçirilməsi üçün münasib şəraitin yaradılması, hakimiyyətin məqsədyönlü və səmərəli bölüşdürülməsi modernləşmə yolunda mühüm addımlardan sayılmalıdır.
Mədəni sintezin və bütövlükdə modernləşmənin uğurla həyata keçirilməsi üçün daha mühüm bir amil nəzərə alınmalıdır. Bu gün minlərlə azərbaycanlı istər müsəlman dünyası, istərsə də müasir Avropa və Amerika mədəniyyətindən bilavasitə “təsirlənmək” imkanına malikdir. Onlar nə vaxtsa Vətənə dönəcək, hər iki mədəniyyətin qeyri-ixtiyari ötürücüləri olacaq və beləliklə, mədəni sintezin gedişinə güclü təsir göstərə biləcəklər.
Natiq çıxışını ümummilli lider Heydər Əliyevin dediyi “Yönümüz Şərqə olsa da, yolumuz Qərbədir” kəlamı ilə yekunlaşdırmışdır.
G.Baxşəliyeva əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ictimai-siyasi və iqtisadi islahatların Azərbaycanın modernləşməsi yolunda tezliklə öz bəhrəsini verəcəyinə, ölkəmizin dünya dövlətləri sırasına yüksək inkişafa malik, hər iki sivilizasiyanın ən gözəl nailiyyətlərini özündə birləşdirən modern bir dövlət kimi daxil olacağına əminliyini bildirmişdir.
Müzakirələrin davamı ABŞ Demokratlar Partiyası sədrinin müavini xanım Lotti Şakelfordun sədrliyi ilə keçmişdir. Bu hissədə Hindistanın yerli özünüidarə, gənclər və idman, şimal-şərq regionu naziri Mani Şankar Aiyar, Almaniya Bundestaqının üzvü Yohannes Kars, Fransa Milli Assambleyasının deputatı Tyeri Mariani, Kanada Mühafizəkarlar Partiyasından Donald Geoff, Yaponiya parlamentinin üzvü Asahiko Mihara, Misirin Milli Demokratik Partiyasının xarici əlaqələr üzrə katibi Məhəmməd Abdulla, Milli Məclisin deputatı Asim Mollazadə, Moldova parlamentinin deputatı Anatoli Onçanu, Vyetnam Kommunist Partiyasının departament direktorunun müavini Thi Xuan Minh Thai, Pakistan Müsəlman Liqası Partiyasının humanitar işlər sahəsinin rəhbəri Zəfər Bəxtəvəri, Böyük Britaniyanın “Links” qeyri-hökumət təşkilatının sədri Dennis Sammunt çıxış edərək, sivilizasiyalararası dialoqda siyasi partiyaların oynaya biləcəyi rola dair fikirlərini bölüşmüş, bu dialoqun dini və fəlsəfi aspektlərindən, ölkələrindəki təcrübədən danışmışlar.
Lotti Şakelford konfransın yüksək səviyyədə təşkilinə görə YAP-ın rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Xanım Lotti H.Şakelford vurğulamışdır ki, bütün bəşəriyyət üçün xüsusi əhəmiyyət kəsb edən sivilyaziyalararası dialoqda siyasi partiyaların rolunun əhəmiyyətli dərəcədə artırılması təşəbbüsü məhz Azərbaycandan - Bakıdan başlanmışdır. Problemlərin həllində ünsiyyət açar rolunu oynayır və bu zaman ortaq məsələlər üzərində dayanmaqla demokratik inkişaf naminə daha çox uğur əldə etmək olar. Bugünkü konfransda səslənən fikirlər bizim aramızda olan ümumi məsələləri tam qabarıqlığı ilə nümayiş etdirdi. Buna görə də biz vaxtımızın çoxunu həmin ümumi məsələlərə həsr etməliyik, onların üzərində işləməliyik. Daimi qarşılıqlı ünsiyyət irəliyə, inkişafa doğru yol açacaqdır.
Konfransa yekun vuran YAP sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov qiymətli vaxtlarını sərf edərək Azərbaycana gəldiklərinə, YAP-ın təşəbbüsünü dəstəklədiklərinə və mövzu ətrafında müzakirələrdə fəal iştiraklarına görə bütün iştirakçılara təşəkkürünü bildirmişdir.
Həyatda proseslərin əvvəlcə ideyalar şəklində meydana gəldiyini qeyd edən sədr müavini, sonradan bu ideyaların müzakirələrə yol açdığını və nəticədə müəyyən hərəkətlərə çevrildiyini demişdir. Konfransda çox dəyərli fikirlərin, ideyaların səsləndiyini vurğulayan Əli Əhmədov əmin olduğunu bildirmişdir ki, bu ideyalar sonradan fikir mübadilələrinə, müzakirələrə səbəb olacaqdır. Daha sonra bu düşüncələr müsbət hərəkətlərə çevriləcəkdir. Şübhəsiz ki, həmin hərəkətlər müxtəlif sivilizasiyaları təmsil edən insanlar arasında ünsiyyətin, onun arxasınca isə xoş münasibətlərin formalaşmasına təkan verəcəkdir.
Sivilizasiyalar arasında münasibətlərdə hər şeyin heç də çox gərgin vəziyyətdə olmaması barədə konfransda səslənən fikirlərlə tamamilə razılaşdığını deyən Əli Əhmədov, insanların bu gün yaşadıqları dünyanın nə vaxtsa təhlükələrlə qarşılaşacağı barədə düşündüklərini xatırlatmışdır. O demişdir ki, ayrı-ayrı mədəniyyətləri təmsil edən insanlar arasında daha yaxşı münasibətlərin yaranması üçün bu gün nə qədər çox düşünülərsə, bir müddətdən sonra biz daha gözəl ünsiyyət modellərinin yaranmasının şahidi olarıq.
Konfrans günü Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin nümayəndələrin bir qrupunu qəbul etdiyini bildirən sədr müavini demişdir ki, görüşdə çox maraqlı fikir mübadiləsi aparılmışdır. Şübhəsiz ki, həmin fikir mübadiləsi, orada səslənmiş tezislər, ideyalar konfrans nümayəndələrinin yaddaşından uzun zaman silinməyəcəkdir.
YAP rəhbərliyi tərəfindən irəli sürülmüş təşəbbüsün gələcəkdə davam etdirilməsi barədə təkliflər verən və belə əhəmiyyətli tədbirə ev sahibliyi etmək üçün namizədliklərini irəli sürən Türkiyə, Hindistan və Pakistandan olan nümayəndələrə minnətdarlıq ifadə edilmişdir.
Azərbaycanın iqtidar partiyası tərəfindən irəli sürülmüş təklifin davamı olaraq, konfransda yeni formatın yaradılması barədə fikrin səsləndirildiyi də nümayəndələrin diqqətinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, bu, bir tərəfdən sivilizasiyalararası dialoqa, digər tərəfdən isə siyasi partiyaların münasibətlərində ünsiyyətin yeni formalarının yaranmasına səbəb olacaqdır.
Əli Əhmədov bildirmişdir ki, yaranan yeni münasibətlər qarşıya qoyulmuş xoş niyyətlərin reallaşmasında özünəməxsus rol oynayacaqdır.
Sonda konfransda iştirak edən siyasi partiyaların “Bakı bəyannaməsi” qəbul edilmişdir.