Şərqşünas alimin 20 Yanvar faciəsi haqqında məqaləsi Mərakeş və Misirdə yayımlanıb
Bakı, 20 yanvar, AZƏRTAC
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Din və ictimai fikir şöbəsinin müdiri vəzifəsini icra edən fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin ərəb dilində yazdığı "20 Yanvar... Müstəqilliyə gedən yol" sərlövhəli məqaləsi Mərakeş Krallığının "Sout əl-muvatin" və Misir Ərəb Respublikasının "Bəvvabətus-Səfir" xəbər agentliklərində dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə müəllif Azərbaycan xalqının çoxəsrlik istiqlaliyyət mücadiləsi, xüsusilə bu kontekstdə 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş hərbi və siyasi cinayətlər haqqında məlumatları ətraflı şəkildə təqdim edib. Bununla yanaşı, məqalədə 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqının müstəqillik uğrunda və ədalətsizliyə qarşı nümayiş etdirdiyi cəsarət və əzmkarlıqdan bəhs edilib. Qeyd edilib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.