ŞƏRUR RAYON MƏRKƏZİ XƏSTƏXANASININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də Şərur rayonunda mərkəzi xəstəxananın təntənəli açılış mərasimində iştirak etmişdir.
Mərasimə toplaşan səhiyyə işçiləri, rayon sakinləri Prezident İlham Əliyevi böyük ehtiramla, hərarətli alqışlarla qarşıladılar.
Dövlətimizin başçısı İlham Əliyev xəstəxananın açılışını bildirən lenti kəsdi və bu səhiyyə obyekti ilə tanış oldu.
Ümumi sahəsi 10 min kvadratmetr olan yeni səhiyyə ocağı 1972-ci ildə tikilmiş, lakin sonralar tamamilə yararsız vəziyyətə düşmüş xəstəxanın yerində inşa olunmuşdur. Tikinti işlərində 500 nəfər çalışmışdır. Xəstəxana 81 çarpayılıqdır. Burada ümumi cərrahiyyə, reanimasiya, terapiya, stomatologiya, qanköçürmə, pediatriya, rentgen şöbələri, poliklinika, fəaliyyət göstərir. 80 nəfərlik müasir yeməkxana da vardır.
Dövlətimizin başçısı ayrı-ayrı şöbələrdə yüksək səviyyəli tibbi xidmət göstərilməsi üçün zəruri olan ən müasir xarici tibbi avadanlığa baxdı. Bildirildi ki, Şərur, Sədərək, Kəngərli rayonlarında böyrək çatışmazlığından əziyyət çəkən xəstələr də burada müalicə olunacaq, qonşu İran və Türkiyəyə, Naxçıvan şəhərinə və Bakıya getməyə ehtiyac qalmayacaqdır.
Sonra xəstəxananın açılışına həsr olunmuş mərasim keçirildi.
Mərasimi Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov açdı.